Ümid Zirvəsi

Ümid Zirvəsi sənədli filmi 2017-ci il dekabrın 24-də Tufandağ istiqamətində yürüşə çıxaraq faciəvi şəkildə həlak olan üç gənc alpinistin — Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin hekayəsindən bəhs edir. Rejissor Elçin Quliyevin müəllifi olduğu ekran əsəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə “Buta Film” şirkəti tərəfindən ərsəyə gətirilib. Filmin çəkilişləri peşəkar alpinistlərin və çəkiliş qrupunun iştirakı ilə 4044 metr yüksəkliyə qədər müxtəlif mürəkkəb relyeflərdə aparılıb. Ekran işi əməliyyat-axtarış görüntüləri, arxiv materialları və müsahibələrlə zənginləşdirilərək real hadisələrin emosional təsirini daha da artırır. Filmin xüsusi bədii hissəsi isə insanın dağlarla münasibətini, zirvəyə çatmaq ehtirasını və təbiətin amansız qanunlarını özündə əks etdirir.

Filmin ssenarisinə əsas verən real hadisə 2017-ci ilin dekabr ayında baş verib. “Gilavar” İdman Klubunun üzvləri olan həmin üç alpinist dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb. Onlarla sonuncu əlaqə isə dekabrın 24-ü axşam saatlarında kəsilib. Dəniz səviyyəsindən 4071 metr yüksəklikdə yerləşən Tufandağda itkin düşmüş alpinistlərin axtarışlarını Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) üzvlərindən ibarət komanda birgə həyata keçirib. Xilasedicilərin ehtimalına görə, alpinistlər təxminən 2500 metr yüksəklikdə uçquna düşmüşdülər. Axtarış işləri çox çətin iqlim şəraitində aparılıb. Nəhayət, 2018-ci il mayın 16-sı axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və hər üç gəncin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Filmin ərsəyə gəlməsi üçün böyük əmək sərf olunub və ortaya olduqca təsirli, güclü mesaja malik möhtəşəm bir iş qoyulub. Bu ekran əsəri xatirə-bioqrafiya tərəfi ilə yanaşı olaraq bədii tərəfləri ilə yaddaqalan iz qoyur.

Filmin bədii toxumasında səslənən fikirlər, xüsusilə də dağlar və təbiətlə bağlı təsvirlər dərin fəlsəfi yükü ilə diqqət çəkir. Dağlar təbiətin ən əzəmətli və sabit ünsürüdür və onlar sükutla tarixə şahidlik edir, zamanın fövqündə dayanırlar. Dağların özünəməxsus vaxt anlayışı var. Zirvəyə can atarkən və ya yolu qət edərkən tələsmək, əslində dağla inadlaşmaqdır. Dağla dostluq etmək ona hakim olmağa çalışmaq deyil, onun böyüklüyü qarşısında təvazökar olmağı bacarmaqdır. Yalnız hava şəraitinə, relyefə və dağın özünəməxsus ‘qaydalarına’ hörmət etdikdə, o, insan üçün öz gizli gözəlliklərini aşkar edir.

Filmdə dialoqların bir qisminin rus dilində olması bir tamaşaçı olaraq bir az təəssüf doğurur. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən bir layihədə ana dilimizin daha geniş təmsil olunması arzuolunandır. Ümumilikdə isə, bu kiçik detal filmin yaratdığı dərin fəlsəfi təəssüratı və çəkilən zəhməti kölgədə qoymur.

Filmin ərsəyə gəlməsində və axtarış-xilasetmə işində iştirak edən hər kəsə təşəkkürlər. Hər üç alpinistə Allah rəhmət etsin. Öz sevdaları uğrunda əbədiyyətə qovuşan ruhları şad olsun!

Leave a Comment