Kitab oxumağın ən böyük zərəri

​Toni Keyin 2011-ci ildə çəkdiyi “Detachment” filmində Adrien Brodinin canlandırdığı Henri Bart obrazını çox adam tanıyır. Ən azından Adrien Brodinin “kədərli baxışları” sosyal mediada hardasa bizimlə rastlaşıb. Filmdə Corc Oruellə (George Orwell) edilən istinad, bəlkə də filmin ən məşhur və sosial şəbəkələrdə ən çox paylaşılan səhnəsidir. Onun sinifdəki o məşhur monoloqu əslində mütaliəyə olan romantik baxışımızı alt-üst edir. Henri Bartın (Adrien Brody) şagirdlərinə “Doublethink” (İkitərəfli düşüncə) anlayışını izah etdiyi həmin monoloq birbaşa Oruellin “1984” romanına əsaslanır. Bart deyir ki, bizi hər tərəfdən mühasirəyə alan bir “assimilyasiya” var. Əgər biz oxumasaq, öz təxəyyülümüzü qidalandırmasaq, başqaları bizim əvəzimizə düşünəcək və bizi öz istədikləri qəliblərə salacaqlar.

“Hər tərəfdən mühasirəyə alınmaq. İkiüzlülük. Yalanın yalan olduğunu bilə-bilə ona kor-koranə inanmaq. Gündəlik həyatdan misallar: ‘Xoşbəxt olmaq üçün gözəl olmalıyam. Gözəl olmaq üçün əməliyyat olunmalıyam. Arıq, məşhur və dəbli olmalıyam’. Bu gün gənc kişilərimizə qadınların sadəcə istifadə edilməli varlıqlar olduğu aşılanır. Bu, marketinq soyqırımıdır. Həyatımızın sonuna qədər, günün iyirmi dörd saatı bizi mənən yox etmək üçün çalışan bir sistem var. Buna görə də özümüzü müdafiə etmək və bu kütləşmənin düşüncə tərzimizə sızmasına qarşı mübarizə aparmaq üçün oxumağı öyrənməliyik. Öz təxəyyülümüzü hərəkətə gətirməli, öz şüurumuzu və inanc sistemimizi inkişaf etdirməliyik. Hamımızın öz zehnimizi qorumaq və müdafiə etmək bacarığına ehtiyacı var” – Henri Bart

Film Kamyunun sitatı ilə başlayır və onun “Yad” fəlsəfəsini vizuallaşdırır. Film təkcə Alber Kamyunun “L’Étranger” (Yad) fəlsəfəsinə deyil, həm də Edqar Allan Ponun “Uşerlər evinin çöküşü” hekayəsindən sonda istifadə edir.

​”Heç vaxt eyni anda həm özümdən bu qədər qopmuş, həm də dünyada bu qədər mövcud olduğumu bu dərəcədə dərindən hiss etməmişdim.” – Alber Kamyu

Bəs kitab oxumağın o böyük “zərəri” nədir? Oxumaq sizi ətrafınızdakı o kütləvi, saxta reallıq üçün “yararsız” hala gətirir. Henri Bartın dediyi kimi, mütaliə beynimizə yeridilən mənasız məlumatlara və reklamların yaratdığı süni dünyalara qarşı yeganə qalxanımızdır. Amma bu qalxan həm də bizi o dünyadan ayırır.

Bu gün mütaliənin yox olması birbaşa demokratiyanın çökməsidir. Çünki insanlar artıq uzunmüddətli diqqət tələb edən kitabları yox, sadəcə 15 saniyəlik “soundbite”ları (qısa videoları, şüarları) həzm edirlər. Kitab bizdən səbir və səbəb-nəticə əlaqəsi tələb edir. Bu qabiliyyət itəndə isə seçicilər sadəcə içi boş populizmin oyuncağına çevrilirlər.(Tarixçi Antoni Bivor)

Media tənqidçisi Nil Postman illər əvvəl xəbərdarlıq edirdi: Çap mədəniyyətindən vizual mədəniyyətə keçid rasional müzakirəni öldürür. Kitab məntiqdir, ardıcıllıqdır. Sosial media isə ancaq duyğulara xitab edir. Oruellin dediyi kimi, dilin kasıblaşması düşüncənin məhdudlaşmasıdır. Düşüncəsi məhdud olan insan isə azad ola bilməz — o, sadəcə idarə olunan bir “istehlakçıdır”.

Kitab oxumaq bizə öz subyektiv qabığımızdan çıxıb başqasının dünyasına baxmaq imkanı verir. Bu gün cəmiyyətdəki o kəskin qütbləşmənin, aqressiyanın səbəbi bəlkə də budur: Artıq “digər tərəfin də haqlı ola biləcəyini” hiss etdirən kitablar oxumuruq. Yalnız öz fikirlərimizin əks-sədasını eşidəcəyimiz sosial media qapalı dairələrində (echo chambers) sıxılıb qalmışıq.(Dominik Sandbruk)

İstinad:

  1. Detachment (2011)
  2. People not reading books ‘could undermine democracy’. BBC
  3. Does reading make you a better person? | Dominic Sandbrook | The New Society
  4. Why Television Kills Rationality | Amusing Ourselves To Death (Neil Postman)

Leave a Comment