2+2=5

“Cəmiyyət həqiqətdən nə qədər uzaqlaşırsa, onu danışanlardan bir o qədər nifrət edir.” – Corc Oruell

2+2=5 bərabərliyi bir çoxlarının eşitdiyi, adətən mübahisələrdə həqiqəti vurğulamaq üçün istifadə olunan tanış bir ifadədir. Lakin bu gün haqqında danışacağımız mövzu təkcə bu düstur deyil rejissor Raoul Pekin Corc Oruell haqqında çəkdiyi sənədli filmdir. “1984” və “Heyvanıstan” əsərləri ilə dünya şöhrəti qazanmış müəllifin bu mirasına daha əvvəl də kifayət qədər populyar ekran işləri həsr olunub.

Sənədli filmə baxarkən insanı əsl düşündürən məqam Corc Oruellin yaratdığı dünyadır. Avtoritar rejimin reseptini hazırlayan peşəkar bir aşpaz ədası ilə yazılmış bu əsərlər, yüzilliklərdir dəyişməyən dünya nizamını olduğu kimi göstərir. Hətta demək olar ki, həmin resept bundan sonra gələcək avtoritar rəhbərlər üçün bələdçi kitabçası rolunu oynayır. Nə olsa da, bu özlüyündə sistemli bir mexanizmdir. Tarix təkrarlardan ibarətdir. Texnologiya, illər dəyişir, lakin avtoritarizmin siması olduğu kimi qalır. Dünən qəzet və jurnallar vasitəsilə insanları manipulyasiya edən, aldadaraq beyinləri yuyanların alətləri sadəcə olaraq formasını dəyişib. Çünki bu qüvvələr müasir texnologiyaya hamıdan tez uyğunlaşır və ondan öz çirkin məqsədləri üçün məharətlə istifadə edirlər. Günümüzün reallığında bunun şahidi rəqəmsal platformalarda və sosial mediada oluruq. “1984”dəki kimi distopik bir məmləkət yaratmaq həsrəti hələ də bir çoxlarının ürəyindən keçir. Əsərdə ilk baxışda insana qəribə gələn məqamları dərin düşündükcə anlamaq olur ki, bütün bunlar bizdən heç də uzaq olmayan bir dünyada cərəyan edir.

Oruellin dünyası zamansız və məkansızdır. Sənədli filmdə bu fakt çox incəliklə vurğulanır. Müxtəlif qitələrdən toplanmış avtoritarizm hekayələri də sübut edir ki, uzun illər əvvəl aramızdan gedən bir yazar geridə heç vaxt köhnəlməyən və dəyərdən düşməyən bir irs qoyub.

Tarix boyu tətbiq edilən kitab qadağaları, kütləvi beyinyuma siyasəti, yalanın həqiqətdən daha sürətlə yayılmasına şərait yaradan media, obyektiv həqiqəti təhdid edən nəzarətsiz texnologiyalar və daha nələr. Əslində, bu sənədli film vərəm bakteriyalarının ilk animasiyasından etibarən Oruellin necə bir insan olduğunu addım-addım açır. Filmdə təkrarlanan bu vizual motiv qlobal siyasətin qan dövranına sızan avtokratiya təhlükəsini simvolizə etməklə yanaşı, əsas qəhrəmanın tədricən irəliləyən xəstəliyini də bizə xatırladır. Rejissor müəllifi daim ön planda saxlayır, lakin onu heç vaxt ilahiləşdirmir. Bunun əvəzinə, onu bütün ziddiyyətləri ilə yaşayan bir insan kimi göstərməyi seçir. Film Oruellin Birmada(Myanmar) müstəmləkə polisi kimi keçirdiyi illərdən Britaniyadakı silki sistemlə hesablaşmalarına, imperiyanın günahlarından tutmuş nifrət etməyə başladığı bir sistemdəki şəxsi iştirakına kadar emosional yüklü təbəqələri bir-bir açır.

Adından da göründüyü kimi, “Oruell: 2+2=5” dünyamızın necə yalanlar bataqlığına çevrildiyini və manipulyasiyanın planetimizi necə cənginə aldığını göstərir. Corc Oruellin “1984” əsəri haqqında bildiklərimizdən əlavə, demək olar ki, dünya əslində çox da dəyişməyib.

“Hamımızi satın alıblar, özü də öz pulumuzla.” – Corc Oruell

Leave a Comment