Hipernormallaşma

Britaniyalı rejissor Adam Kertisin 2016-cı ildə BBC üçün ərsəyə gətirdiyi “HyperNormalisation” sənədli filmi(serial) maraqlı bir iddiaya söykənir. 1970-ci illərin qlobal iqtisadi böhranlarından sonra hökumətlər və müttəfiqləri mürəkkəb reallığı idarə etmək cəhdlərindən əl çəkiblər. Onlar bunun əvəzinə böyük şirkətlərin maraqlarına xidmət edən daha sadə və “saxta bir dünya” modeli yaradıblar. Doqquz fəsildən ibarət olan film, əsasən, kadrarxası səs və arxiv kadrlarının montajı üzərində qurulub.

Sosioloji və siyasi bir termin olan hipernormallaşma (HyperNormalisation) siyasi, iqtisadi və sosial sistemlərin çökməsinə, saxtalaşmasına və işləkliyini itirməsinə baxmayaraq, cəmiyyətlə elitanın bu reallığı normal qarşılayaraq həyatlarına heç nə olmamış kimi davam etməsi vəziyyətini ifadə edir. Bu termini ilk dəfə rus əsilli amerikalı antropoloq Aleksey Yurçak 2006-cı ildə nəşr olunan “Everything Was Forever, Until It Was No More” (“Hər şey yox olana qədər əbədi idi”) kitabında istifadə etmişdir.

Qeyri-xətti müharibə

Vladislav Surkovun “qeyri-xətti müharibə” (non-linear warfare) strategiyası cəmiyyəti çaşdırmaq, həqiqət anlayışını itirmək və iflic etmək üçün siyasətin teatrlaşdırılmasına əsaslanır. O, siyasi spektri tam idarə etmək üçün fərqli və ziddiyyətli ideologiyaları fəal şəkildə dəstəkləyərək cəmiyyətdə tam inamsızlıq mühiti formalaşdırmışdı. Surkov teatr rejissoru təhsili almışdı və siyasətə klassik güc mübarizəsi kimi deyil, dramaturji prizmadan yanaşırdı. Ənənəvi siyasətdə iki barışmaz tərəf (məsələn, iqtidar və müxalifət) mübarizə aparırsa, Surkovun modelində mübarizə səhnəsi və oradakı bütün aktyorlar tək bir mərkəz tərəfindən idarə olunur.

Kreml eyni vaxtda həm ultranasionalist qrupları, həm insan hüquqları müdafiəçilərini, həm liberal müxalifəti, həm də Kremlyönümlü gənclər təşkilatlarını gizlicə dəstəkləyirdi. Nəticədə cəmiyyət hansı qrupun həqiqi, hansının isə “dövlət layihəsi” olduğunu müəyyən edə bilmirdi. Surkov bu qrupları idarə etdiyini tam gizlətmirdi, məlumatların bilərəkdən sızmasına şərait yaradırdı. Bu taktika hamı arasında dərin şübhə doğurur, onları paranoyasına salır və birləşmələrinə mane olurdu.

Bir hadisə haqqında eyni vaxtda onlarla ziddiyyətli versiya dövriyyəyə buraxılırdı. Məqsəd insanları hər hansı bir yalana inandırmaq deyil, “heç kimə inanmaq olmaz, həqiqət deyilən şey yoxdur” düşüncəsini aşılamaq idi. İnsanlar nəyin real, nəyin oyun olduğunu bilmədikdə siyasi fəallıq göstərməkdən və etiraz etməkdən imtina edirlər. Bu metod cəmiyyətdə “heç nəyi dəyişmək mümkün deyil” qənaəti yaratmaqla insanları tam apatiyaya salır ki, bu da onları idarə etmək üçün güc tətbiq etməkdən çox daha effektivdir. Surkov bu hekayə ilə göstərirdi ki, modern dövrdə qələbə fiziki güclə deyil, opponentin beynində tam psixoloji çaşqınlıq yaratmaqla əldə edilir.

Alqoritmlər və İnternet İllüziyası

“HyperNormalisation” filmində Adam Kertis internetin və alqoritmlərin insanları azad etmək əvəzinə, onları necə passivləşdirdiyini və saxta bir nəzarət illüziyasına həbs etdiyini xüsusi vurğulayır. Sosial şəbəkələr (xüsusilə Facebook) inkişaf etdikcə alqoritmlər dünyanı dəyişmək üçün deyil, istifadəçilərin diqqətini platformada saxlamaq üçün optimallaşdırıldı. Alqoritmlər insanlara yalnız onların xoşuna gələn məzmunları göstərməyə başladı. Nəticədə hər kəs yalnız özü kimi düşünən şəxslərlə əhatələnmiş qapalı bir “filtr qabarcığının” (filter bubble) içində qaldı. Alqoritmlər insanlara dünyanı real olaraq dəyişmək imkanı vermədi, lakin onlarda bu dəyişikliyi edirlərmiş kimi bir hiss yaratdı. İnsanlar real siyasi mübarizədən yorulub sosial şəbəkələrdə öz fərdi kimliklərini, zövqlərini və düşüncələrini nümayış etdirməklə kifayətləndilər. Kertisin yekun qənaətinə görə, internet azadlıq vasitəsi olmaqdan çıxaraq insanları real dünyadan ayıran və onları öz təhlükəsiz illüziyalar aləmində saxlayan “hipernormal” bir sakitləşdiriciyə çevrildi.

Filmə görə, siyasi və maliyyə elitaları qüdrətli görünməyə çalışsalar da, müasir dünyanın mürəkkəbliyi qarşısında acizdirlər. Onlar real problemləri həll edə bilmədikləri üçün sadəcə vəziyyətin nəzarətdə olduğu təəssüratını yaradan saxta səhnələr qururlar. İnsanlar sistemin yalanlar üzərində bərqərar olduğunu yaxşı anlayırlar. Lakin heç kim alternativ gələcək modeli təklif edə bilmədiyi üçün hər kəs bu saxta teatrın normal olduğunu simulyasiya etməyə davam edir.

Leave a Comment