
Semyuel Bekketin qələmə aldığı “Qodonu gözləyərkən” (“Qodonun intizarında”) əsəri iki pərdədən ibarət tragikomik pyesdir. İrland mənşəli dramaturq bu dramatik mətni ilk olaraq fransız dilində tərtib etmiş, sonradan onu şəxsən ingilis dilinə tərcümə etmişdir. İrland dramaturqu Semyuel Bekketin absurd teatrın incilərindən sayılan “Qodonu gözləyərkən” (“Qodonun intizarında”) əsəri Azərbaycanın həm dövlət, həm də müstəqil teatr truppalarının diqqətini dəfələrlə cəlb etmiş və müxtəlif vaxtlarda yerli səhnələrdə tamaşaya qoyulmuşdur.
Semyuel Bekket (Samuel Beckett; 1906–1989) — irland mənşəli yazıçı, dramaturq, şair və 1969-cu il Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. O, XX əsr modernist ədəbiyyatının və teatrının ən təsirli simalarından biri, Absurd Teatr cərəyanının banilərindəndir.
Əsərdə cəmi 5 fərqli obraz var:
- Vladimir – Pyesin iki əsas rolundan biridir. Daha ağıllı və sorğulayan kimliyi olan biri olmağına baxmayaraq Qodonun gələcəyinə ən çox o inanır.
- Estraqon – Vladimirlə birgə gözləyən ikinci səfildir. Tez-tez şikayət edir, darıxır və tamaşa boyunca getmək istəyir.
- Potso – Səhnədən keçən zalım və varlı kapitalistdir. Hər dövrün reallığını təmsil edir. Kobud, həyasız və ləyaqətsiz bir obrazdır.
- Lakki – Potsonun nökəridir. İtaətkarlığı təmsil edir. Yalnız sahibi əmr edəndə düşünə bilir. İkinci pərdədə lal olur.
- Cavan oğlan – Hər pərdənin sonunda səhnəyə gələrək Qodonun bu gün gələ bilməyəcəyini, amma “sabah mütləq gələcəyini” bildirir. Gözləmə dövrəsini sonsuzluğa çevirən xəbərçidir.
Səhnə rekvizit cəhətdən çox kasaddır, sadəcə qurumuş bir ağac var, vəssalam. Tamaşa izləyicini birbaşa düşünməyə məcbur edir, çünki səhnədə çılpaq gözlə görünən, diqqət çəkən fərqli bir şey yoxdur. Əsəri birilmənalı şəkildə təhlil etmək, hər detala ‘bu odur, bu budur, bu elədir’ deyə dəqiq ad qoymaq çətindir. Hər izləyici burada öz Qodosunu görə bilər və öz təfəkküründə tamamilə fərqli bir məna yarada bilər.
Bekar əl neçin de sözümə baxsın,
Əlimin üzü yox üzümə baxsın.
O hansı ümiddir bizi çağırsın,
Durub arxasınca tələsiyəm mən. (Musa Yaqub)
Tamaşa boyunca nəyi və niyə gözlədiyini bilməyən adamlar, ertələnən yalançı vədlər və bunun daima təkrarlananmasını görə bilərik. Biri gəlmir, biri getmir, vaxt isə ölüdür. Totalitar sistemlər insanları “sabah hər şey yaxşı olacaq”, “parlaq gələcək gəlir”, “ədalət bərpa olunacaq” vərdişi ilə yaşadır və sonsuz bir gözləmə zəncirinə həbs edir. Rejim bu günün səfalətini “böyük gələcəyin xatirinə” sığortalayır. İnsan bu gününü yaşamır, sadəcə “sabahı gözləyir”. Gözləyən insan isə təhlükəsizdir, çünki o, hərəkətsizdir. Lakki boynundakı zəncirə o qədər öyrəşib ki, zəncir boşalanda da qaçmır. O, yalnız ağası “Düşün!” əmri verəndə mənasız monoloq oxuyur. Totalitarizmdə təfəkkür də, incəsənət də yalnız rejimin əmri və icazəsi ilə baş verir. Potso ikinci pərdədə kor olur, Lakki isə lal. Avtoritar sistemlər çürüyür və korlaşır, amma qul artıq danışmaq qabiliyyətini itirdiyi üçün çürüyən rejimin ardınca kor-koranə getməyə davam edir.
Pərdələr çəkildikdən sonra bütün məsuliyyət izləyicinin üzərinə düşür və əsl tamaşa bundan sonra insanın beynin içində başlayır…