Ən yaxşı alman filmləri

Bu siyahı tamamilə subyektiv xarakter daşıyır. Məncə, bir filmin keyfiyyəti onun IMDb balı və ya aldığı mükafatların sayı ilə ölçülmür. Çünki kinoda bəzi texniki parametrlər mövcud olsa da, qiymətləndirilməsi qeyri-mümkün olan hisslər və məqamlar da var. Şübhəsiz ki, bu siyahıdan kənarda qalan daha uğurlu alman filmləri də az deyil.

1. Der Himmel über Berlin (Wings of Desire, 1987)

Rejissoru: Wim Wenders

Ssenari müəllifi: Wim Wenders, Peter Handke

Film bölünmüş Berlinin səmalarında gəzən, insanların daxili səslərini və gizli kədərlərini dinləyən iki mələyin hekayəsidir. Mələklərdən biri sirk akrobatı olan bir qadına aşiq olur və onunla ola bilmək üçün ölümsüzlüyündən imtina edib insana çevrilmək qərarına gəlir. Filmin böyük hissəsi mələklərin gözü ilə ağ-qara, insani hisslər başlayanda isə rəngli çəkilib. Berlin divarının yıxılmasından cəmi iki il əvvəl çəkilən bu əsər, şəhərin o vaxtkı atmosferini möhtəşəm ötürür.

2. Fitzcarraldo (1982)

Rejissoru və Ssenari müəllifi: Werner Herzog

Film Amazon cəngəlliklərində böyük bir opera teatrı tikmək istəyən çılğın bir adamın inanılmaz inadı haqqındadır. O nəhəng bir paroxodu dağın başından keçirməlidir. Hersoq yaşıl ekran və ya maketlərdən imtina edərək, təxminən 320 tonluq buxar gəmisini Amazon cəngəlliklərində xüsusi mexanizmlərdən istifadə edən yerli xalqa çəkdirmişdir. Baş roldakı Klaus Kinskinin çəkiliş meydançasındakı aqressiv isterikaları isə yerli hinduları elə bezdirmişdi ki, rejissora “istəyirsən onu sənin üçün öldürək” təklifini etmişdilər.

3. Knockin’ on Heaven’s Door (1997)

Rejissoru: Thomas Jahn

Ssenari müəllifi: Thomas Jahn, Til Schweiger

Film sağalmaz xəstəliyə tutulan iki gəncin həyatlarında heç vaxt görmədikləri dənizi görmək üçün yola çıxdıqları macəra haqqındadır. Filmdəki“Cənnətdə yalnız dənizdən danışırlar. Onun necə sonsuz gözəl olduğundan… Baxdıqları qürublardan… Günəşin sulara batarkən necə qan kimi qızardığından danışırlar. Bəs sən? Sən ora gedəndə nə danışacaqsan? Çünki sən heç orada olmamısan…” dialoqu və Bob Dylan-ın o məşhur saundtreki(“Knockin’ on Heaven’s Door”) bu ekran işini kult səviyyəsinə qaldırıb.

4. The Lives of Others (Das Leben der Anderen, 2006)

Rejissoru: Florian Henckel von Donnersmarck

Ssenari müəllifi: Florian Henckel von Donnersmarck

Bu film totalitar sistemlərin fərd üzərindəki təzyiqini və incəsənətin insan ruhunu dəyişdirmə gücünü ən mükəmməl şəkildə nümayiş etdirən ekran işlərindən biri hesab olunur. İncəsənətin, poeziyanın və azad sevginin şahidi olan agent, totalitar rejimə olan kor-koranə inamını itirir və dissident cütlüyü qorumaq üçün saxta hesabatlar yazmağa başlayır. Oskar qazanan bu şahəsər, totalitarizmin dəhşətlərini insan ruhunun səssizcə məhv edilməsi ilə göstərir.

5. The Wave (Die Welle, 2008)

Rejissoru: Dennis Gansel

Ssenari müəllifi: Dennis Gansel, Peter Thorwarth

1967-ci ildə ABŞ-da aparılan “Üçüncü Dalğa” eksperimentinə əsaslanan bu film diktaturanın müasir cəmiyyətdə nə qədər asanlıqla baş qaldıra biləcəyini göstərir. Bir məktəb müəllimi dərsi başa salmaq üçün sinifdə kiçik bir sosial eksperimentə başlayır. Amma cəmi bir neçə günün içində bu eksperiment nəzarətdən çıxıb faşist bir hərəkata çevrilir. Eksperimentin gündəlik xronologiyası totalitar rejimlərin qurulma mərhələlərini tam şəkildə əks etdirir.

6. Good Bye Lenin! (2003)

Rejissoru: Wolfgang Becker

Ssenari müəllifi: Wolfgang Becker, Bernd Lichtenberg

Sosializmə ürəkdən sadiq olan bir ana Berlin divarı yıxılmazdan əvvəl komaya düşür. O ayılarkən həkimlər deyir ki, hər hansı bir həyəcan onu öldürə bilər. Oğlu Aleks isə anası infarkt keçirməsin deyə onun otağında Şərqi Almaniya illüziyası qurur.

Lenin heykəlinin helikopterlə aparılma səhnəsi kino tarixinin incisidir. Lenin heykəlinin göydə vida edirmiş kimi süzməsi həqiqətən kino tarixininən güclü simvollarından biridir.

7. Fear Eats the Soul (Angst essen Seele auf, 1974)

Rejissoru və Ssenari müəllifi: Rainer Werner Fassbinder

Bu şahəsər, tənhalığın və cəmiyyətin qəddarlığının güzgüsüdür. Film 60 yaşlı alman qadınla özündən hardasa 20 yaş kiçik olan miqrantın tanışlığı haqqındadır. “Qorxu ruhu yeyir” (Angst essen Seele auf) ifadəsi filmdəki obrazlarının timsalında insanın daxili qorxularının, cəmiyyətin təzyiqinin və ksenofobiyanın insan ruhunu necə məhv etdiyini simvolizə edir. Fassbinder ksenofobiyanı elə vizual kodlarla göstərir ki, qonşuların pilləkəndəki pıçıltıları, Emminin uşaqlarının televizoru təpiklə sındırması və restorandakı o dəhşətli, donmuş baxışlar…

8. Barefoot (Barfuss, 2005)

Rejissoru: Til Schweiger

Ssenari müəllifi: Til Schweiger, Jann Preuss

Həyatda heç bir işi düz gətirməyən varlı ailənin uğursuz oğlu Nikin psixatriya klinikasında işləyərkən, həyatı boyu dünyadan təcrid olunmuş və həmişə yalınayaq gəzən bir qızı intihardan xilas etməsi ilə başlayan filmin hekayəsi, izləyicini sona qədər özünə bağlayır.

Leave a Comment