2046 yoxsa 21:15 qatarı?

Azərbaycan Dövlət “Yuğ” Teatrı

Dəmiryolu vağzalının bir çox əsərdə əsas məkan rolu oynadığını yaxşı bilirik. Vağzallar elə məkanlardır ki, burada başlanğıclar və sonlar, ayrılıqlar və qovuşmalar çox rahatlıqla vizuallaşır, müəllifin mesajı izləyiciyə rahatlıqla çatır. Bu yazı Toyğun Orbayın “21:15 qatarı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan və Vonq Kar-Vainin (Wong Kar-wai) “2046” filmindən bəhs edir.

Pyes əsasında hazırlanan tamaşanı daha öncə, 2015-ci ildə Akademik Milli Dram Teatrında Bəhram Osmanov səhnələşdirmişdi. Həmin vaxt bu quruluşu izləmək mənə nəsib olmasa da, əsərlə 2024-cü ildə Mikayıl Mikayılovun rejissorluğunda tanış oldum. Vonq Kar-Vainin məşhur trilogiyasının (“Days of Being Wild”, “In the Mood for Love”, “2046”) sonuncu halqasını izləyərkən nədənsə ağlıma dərhal həmin tamaşa gəldi. İlk baxışdan absurd görünə bilər, amma düşündüm bunların arasında bir əlaqə varmı?

Filmin ssenarisinin dəqiq nə vaxt yazıldığı bəlli olmasa da, trilogiyanın ikinci filmi olan “In the Mood for Love”-da 2046 nömrəli otağın yer alması ideyanın rejissorun beynində daha əvvəldən formalaşdığına işarə edir. Toyğun Orbay isə öz pyesini 2002-ci ildə qələmə alıb. Vonq Kar-Vainin ilham mənbəyi Lyu Yiçanqın (Liu Yichang) modernist “Kəsişmə” (Tête-bêche) romanıdır. Rejissor “In the Mood for Love” filminin sonunda yazıçıya xüsusi təşəkkürünü də bildirir.

“2046” filmindəki qatar və gələcək zaman süjeti, baş qəhrəmanın yazdığı elmi-fantastik romanın daxilində yer alır və filmin ən güclü metaforasıdır. Bu fantastik xətt filmdə vizual olaraq fərqli bir atmosferlə (neon işıqları, futuristik dizayn və sürətli qatar görüntüləri ilə) təsvir olunur. Romandakı hekayəyə görə, planetin hər tərəfini bürüyən nəhəng bir dəmiryolu şəbəkəsi var. Bu xətlərlə hərəkət edən müəmmalı bir qatar vaxtaşırı olaraq “2046” adlı sirli məkana doğru yola düşür.

Toyğun Orbayın ilham mənbəyinin konkret hansı əsər olduğunu dəqiq bilməsəm də, pyesdə absurd teatrın izlərini görməmək mümkün deyil. Nobel mükafatı almış irland yazıçı Semuel Bekketin “Qodonu gözləyərkən” (Qodonun intizarında) əsərində Vladimir və Estraqon heç vaxt gəlməyən, kim olduğunu bilmədikləri mistik bir “Qodo”nu gözləyirlər. Bu gözlənti insan mövcudluğunun mənasızlığını, ümid və çarəsizlik arasındakı boşluğu simvolizə edir. Toyğun Orbayın “21:15 Qatarı” (21:15 Treni) pyesi, tənha bir vağzalda qatar gözləyən iki yad insanın həyat, ölüm, zaman və seçimləri üzərində qurulmuş dramdır.

Əslində, hər iki əsər arasında birbaşa süjet bağı yoxdur. Lakin qatar simvolu, insan münasibətləri, zaman və məkan təfəkkürünün qarışması insanda eyni emosional əks-sədanı yaradır.

Mikayıl Mikayılovun rejissorluğu tamaşanın ən güclü sütunudur. O, Toyğun Orbayın mətnindəki absurdu və gərginliyi səhnədə zamansızlıq və məkansızlıq hissiyatını fiziki olaraq hiss edilən canlı bir atmosferə çevirir. Teatrın məhdud imkanlarına baxmayarq, rejissor vurğuları və pauzaları o qədər dəqiqliklə hesablayıb ki, tamaşaçı ilk dəqiqələrdən özünü o mistik vağzalın gözləmə zalında tapır. Vüqar Hacıyev, Elgün Həmidov və Zümrüd Qasımovanın performansı isə həqiqətən xüsusi təqdirə layiqdir.

Sonda vurğulamaq lazımdır ki, Yuğ Teatrı hazırda məskunlaşdığı Dövlət Kukla Teatrının binasındakı kiçik, məhdud və havasız səhnə şəraitində belə böyük, təsirli və dərin işlər ortaya qoyur. Hər həftə tamaşaçı qarşısına çıxan bu kollektiv böyük çətinliklərə baxmayaraq, aktyor plastikasının və rejissor zəkasının hakim olduğu həqiqi teatr möcüzəsini səhnədə yaşatmağa davam etdirir.

Leave a Comment