Dağlar həmişə qəribə bir cazibəyə malik olub. İnsan ağlına gəlməyən çətinliklərə, soyuğa və təhlükəyə rəğmən, niyə durmadan o zirvələrə doğru gedir? Açığı, mən nə peşəkar alpinistəm, nə də bir kino tənqidçisi. Sadəcə film izləməyi çox sevən bir şəxsəm. Oturub indiyə qədər bu mövzuda baxdığım və məndə iz qoyan filmləri bir yerə yığmaq istədim. Yəni bu siyahı tamamilə subyektivdir.
1. North Face (Nordwand, 2008)

Philipp Stölzl (Rejissor) / Christoph Silber, Rupert Henning, Johannes Naber (Ssenari)
Film Almaniya, Avstriya və İsveçrə müştərək istehsalıdır. Çəkilişlər əfsanəvi Eiger dağında (İsveçrə), Avstriyanın Daxşteyn qayalıqlarında aparılıb. Hekayə bizi 1936-cı ilə, Alpların fəth olunmamış son böyük divarına, Eigerin şimal yamacına aparır. Baş qəhrəmanlarımız Toni Kurts və Andi Hinterstoisser həm uşaqlıq dostu, həm də orduda xidmət edən alman alpinistləridir. Alpinistlərin dırmaşdığı Eiger dağının şimal divarına yerli camaat alman dilində “Nordwand” yox, söz oyunu edərək “Mordwand” deyirdi, yəni “Ölüm divarı”. Çünki ora dırmaşan demək olar ki, hamı ölürdü. Filmdəki Toni Kurtsun hekayəsi tam realdır.
Bu filmlə bağlı tənqidçilər ən böyük iradı filmdəki eşq hekayəsinin ssenaristlərin dram xatirinə uydurmasıdır. Bu nüansı nəzərə almasaq, Film hər kateqoriyada birinci olacaq bir filmdir.
2. 14 Peaks: Nothing Is Impossible (2021)

Torquil Jones (Rejissor) / Torquil Jones, Gabriel Clarke (Ssenari)
ABŞ və Böyük Britaniya istehsalı olan sənədli filmdir. Çəkilişlər Himalay və Karakorum dağlarında aparılıb. Tarixdə bu 14 zirvənin hamısına çıxan ilk insan əfsanəvi italyan alpinist Reinhold Messner olub və alpinist buna tam 16 ilini (1970–1986) qurban verib (özü də süni oksigensiz). 2013-cü ildə isə cənubi koreyalı Kim Chang bu rekordu təxminən 7 il 310 günə endirə bilmişdi (yenə oksigensiz). Nimsdai alpinizm dünyasındakı Qərb hegemonluğunu darmadağın etdi. Çünki həmişə avropalılar məşhurlaşır, yerli şerpalar kölgədə qalırdı. Nimsdai bu stereotipi sındırdı.
Bir də o məşhur Everest zirvəsindəki uzun “insan tıxacı” şəklini yəqin sosial şəbəkələrdə görmüsünüz, bax, dünyanı lərzəyə salan o fotonu da elə Nims özü dırmanış zamanı çəkibmiş.
3. Touching the Void (2003)

Kevin Macdonald (Rejissor) / Hekayə Joe Simpson-un eyniadlı avtobioqrafik kitabı əsasında qurulub.
Film Böyük Britaniya istehsalıdır. Çəkilişlərin böyük hissəsi Peru Andlarında (Siula Grande dağında) və bəzi təhlükəli səhnələr üçün İsveçrə Alplarında aparılıb. Hadisə 1985-ci ildə baş verir. Joe Simpson və Simon Yates adlı iki təcrübəli alpinist Peru Andlarında o vaxta qədər heç kimin çıxa bilmədiyi Siula Grande dağının Qərb divarına (West Face) dırmaşırlar və zirvəni fəth edirlər.
Amma əsl cəhənnəm eniş yolunda başlayır. Hava təmiz korlanır, dəhşətli fırtına başlayır. Dağın başında keçən ağır gecədən sonra enişə davam edirlər, amma bu dəfə Joe buz qayasından enərkən çox pis yıxılır və ayağını dəhşətli dərəcədə sındırır. Simon Joenu iplərlə o dik, 3000 futluq qarlı-buzlu yamacdan aşağı endirməyə başlayır. Əllərindəki ipin ümumi uzunluğu cəmi 91 metr olduğu üçün bu çətin manevri fırtınanın içində dəfələrlə təkrarlamalı olurlar.
4. Everest (2015)

Baltasar Kormákur (Rejissor) / William Nicholson, Simon Beaufoy (Ssenari)
ABŞ, Böyük Britaniya və İslandiya müştərək istehsalıdır. Çəkilişlər Nepalda (Everestin ətəklərində), İtaliya Alplarında (Val Senales) və İngiltərədəki Pinewood studiyalarında aparılıb. Film 1996-cı ildə baş vermiş məşhur faciənin hekayəsidir və kommersiya alpinizminin pərdəarxasını açır. İndi pulu olan hər kəs elə bilir ki, Everestə çıxa bilər, ancaq dağ bunu bilmir . Bu faciədə ən yaddaqalan hekayə Beck Weathers adlı alpinistin hekayəsidir. Fırtınada alpinisti iki dəfə qarın içində “onsuz da ölüb” deyə qoyub gedirlər. Amma alpinist donmuş halda, təmiz buz bağlamış bədənlə komadan ayılır və kor-peşman, təkbaşına düşərgəyə tərəf yeriyir. Həkimlər onun sağ qalmasını tibbi möcüzə sayırlar, baxmayaraq ki, əllərini və burnunu donmağa görə itirir.
5. The Wildest Dream (2010)

Anthony Geffen (Rejissor) / Rebecca Frayn (Ssenari)
Film ABŞ və Böyük Britaniya istehsalıdır. Çəkilişlər Everest dağında aparılıb. Bu, film alpinizm dünyasının ən böyük tapmacasıdır. 1924-cü ildə George Mallory adlı bir ingilis Everestə dırmaşır və itkin düşür. Rəsmi olaraq Everest ilk dəfə 1953-cü ildə fəth edilib. Amma sual budur: Mallory 1924-cü ildə zirvəyə çatandan sonra eniş yolunda öldü, yoxsa zirvəyə çatmamış? İllər sonra onun cəsədini tapan Conrad Anker bir şeyi fərq edir: Mallory evdən çıxanda söz vermişdi ki, yoldaşı Rutun şəklini Everestin zirvəsində basdıracaq. Cəsədi tapılanda cibindəki hər şey yerində idi, bircə yoldaşının şəkli yox idi! Deməli, o, zirvəyə çatmışdı?
Conrad Anker tarixin bu sirrini çözmək üçün Mallory-nin o dövrkü köhnə geyimləri və avadanlıqları ilə eyni marşrutu təkrarlamağa çalışır. Keçmişlə bu günün toxunduğu çox emosional, sirli bir sənədli filmdir.
6. Meru (2015)

Jimmy Chin, Elizabeth Chai Vasarhelyi (Rejissorlar)
Film ABŞ istehsalıdır. Çəkilişlər Hindistandakı Himalay dağlarının ən çətin nöqtələrindən biri olan Meru zirvəsində aparılıb. Film, birlikdə sarsılmaz komanda olan Conrad Anker, Jimmy Chin və Renan Ozturkun bu marşrutu tarixdə ilk dəfə (2011-ci ildə) necə fəth etdiklərini xronoloji olaraq göstərir. Ağır qəzalar, sınmış sümüklər və keçmiş travmalarla mübarizə aparan komandanın o divardakı inadı insan iradəsinin hüdudlarını nümayiş etdirir.
Alpinizm dünyasında fəth edilməsi ən çətin və mürəkkəb nöqtələrdən biri sayılan Meru dağının o məşhur “Köpəkbalığı üzgəci” (Shark’s Fin) adlı dik divarının dəli hekayəsidir. Bura o vaxta qədər bir çox əfsanəvi alpinisti geri otuzdurmuşdu. Çünki bu marşrut eyni anda həm klassik alp dırmanışı, həm nəhəng şaquli qayalıq (big wall), həm də xüsusi süni texniki dırmanış (aid climbing) metodlarını tələb edən təmiz bir baş bəlası idi.
7. Free Solo (2018)

Elizabeth Chai Vasarhelyi, Jimmy Chin (Rejissorlar)
ABŞ istehsalı olan sənədli filmdir. Çəkiliş yeri yenə “El Capitan” divarı, Yosemiti Milli Parkıdır. Alex Honnold öz karyerasının və bəlkə də bütün alpinizm tarixinin ən böyük, ən qorxulu sınağı ilə üz-üzə gəlir. O, Yosemiti Milli Parkındakı 900 metrlik nəhəng şaquli qranit divarı olan məşhur El Capitan-ı fəth etməyi qarşısına məqsəd qoyur. Amma “Free Solo” üsulu ilə. Yəni tamamilə təkbaşına, sıfır təhlükəsizlik, sıfır ip və heç bir qoruyucu avadanlıq olmadan . Alex Honnold bura heç bir ip, təhlükəsizlik kəməri olmadan, sadəcə əlləri ilə dırmanır. Bircə dənə kiçik səhv hərəkət, sürüşmə birbaşa ölüm deməkdir.
Alimlər Alexin beynini MRT aparatına salıb yoxlayıblar. Məlum olub ki, onun beynindəki qorxu mərkəzi (amigdala) adi insanlardakı kimi işləmir. Bizim dəhşətə düşəcəyimiz şeylərə onun beyni heç bir reaksiya vermir.