Remeykləri Orijinalından Məşhur olan Filmlər

Remeyk (ing. remake) — əvvəllər nümayiş etdirilmiş bir işin(film, musiqi, serial və s.) yenidən işlənməsi və əsasən eyni mövzunun təkrar hazırlanmasıdır. Kinematoqrafiya tarixində remeyklər tez-tez tənqid hədəfi olur. Çox vaxt bu cəhdlər orijinalın uğurunu maddi qazanca çevirmək istəyən uğursuz kopyalar kimi qiymətləndirilir. Lakin bəzi istisnalar var ki, onlar bu qaydanı tamamilə alt-üst edir.

1. Scent of a Woman (1992) Al Paçinonun o möhtəşəm tanqo səhnəsi və monoloqları yaddaşımıza elə həkk olunub ki, çoxumuz bunun 1974-cü il İtaliya istehsalı “Profumo di donna”-nın remeyki olduğunu bilmirik. Orijinalda baş rol ifaçısı daha sərt və kinli bir obraz yaratsa da, Hollivudun emosional dili və Al Paçinonun xarizması bu hekayəni qlobal bir fenomenə çevirdi. Al Paçino bu rolda kor bir adamı o qədər inandırıcı canlandırır ki, izləyici bəzən onun həqiqətən görmədiyinə şübhə etmir. Hollivud versiyası orijinalın depressiv havasından uzaqlaşan, daha fərqli bir süjet xətti izləyən bir ekran işidir. Martin Brestin bu ekran işi emosional, dərindən təsir edən və tipik “xoşbəxt sonluqlu” Hollivud dramıdır. Biz kor, həyatdan küsmüş polkovnik Frenk Sleydin gənc və təcrübəsiz Çarli ilə etdiyi həftəsonu səyahətində onun yenidən yaşamaq səbəbi tapmasını izləyirik. Film kütləyə ümid verir və sona qədər özünü maraqla izlətdirir.

        2. Heat (1995) Al Paçino və Robert De Nironun ilk dəfə eyni kadrda üz-üzə gəldiyi bu kriminal dram əslində rejissor Maykl Mannın özünün daha əvvəl çəkdiyi “L.A. Takedown” (1989) telefilminin təkrarıdır. Rejissor büdcə və texniki imkanlar tapdıqdan sonra eyni ssenarini daha peşəkar şəkildə yenidən çəkdi və janrın etalonunu yaratdı. İki əfsanəvi aktyorun kofe masası arxasındakı dialoqu, kino tarixinin ən gərgin və səmimi səhnələrindən biri hesab olunur.

        3. The Departed (2006) Skorsezenin bu filmi ona Oskarı gətirdi. Amma bu şedevr əslində Honq-Konq kinosunun incisi olan “Infernal Affairs” (2002) filminin tam kopyasıdır. Orijinalı daha soyuq və poetik olsa da, Skorseze Bostonun küçə xuliqanlığı və Di Kaprio – Nikolson tandemi ilə hekayəni tamamilə yenilədi. Orijinal film daha poetik və simvolik idisə, Skorsezenin versiyası daha qanlı, real və xaotikdir.

        Leave a Comment