Taun

20-ci əsr fəlsəfi fikrinin və ədəbiyyatının ən mühüm simalarından biri olan Alber Kamyu, insanın dünyadakı mövqeyini, absurd reallıq qarşısındakı çarəsizliyini və eyni zamanda bu çarəsizliyə qarşı göstərdiyi mənəvi üsyanı yaradıcılığının mərkəzinə qoymuşdur. O, fərdi azadlıqların, vicdanın və hər cür diktaturaya qarşı səssiz müqavimətin ən güclü müdafiəçilərindən biri kimi tanınır.

Yazıçının 1947-ci ildə işıq üzü görən “Taun” (La Peste) romanı isə tibbi bir epidemiya haqqında deyil. Əsər, Əlcəzairin Oran şəhərində baş verən karantin və təcrid günləri fonunda, əslində İkinci Dünya Müharibəsi dövrünün faşist işğalını, cəmiyyəti daxildən gəmirən totalitar rejimləri və insanın bu sıxılmışlıq daxilində öz mənliyini qorumaq mübarizəsini simvolizə edən dərin bir alleqoriyadır.

Dünyaca məşhur bir yazıçının, yenə eyni dərəcədə məşhur olan əsəri haqqında nəsə yazmaq və ya fikir bildirmək asan görünə bilər. Çətin olan isə bu əsərin təsirindən çıxmaq, onun insan yaddaşında buraxdığı dərin izin silinməsini gözləməkdir. Həcmcə çox böyük olmasa da, pandemiya dövrünün çətinliklərindən keçmiş və o dövrdən qalan bəzi xüsusi tənzimləmələrin təsirlərini illər sonra da öz mühitində müşahidə edən bir oxucu üçün kitabda təsvir olunan hisslər tamamilə doğmadır və başadüşüləndir.

Lakin Kamyunun doktor Riye obrazı vasitəsilə bizə çatdırdığı ən böyük məntiq qətiyyətli mövqedir. Hətta tam qələbənin qeyri-mümkün və ya çox uzaq göründüyü anlarda belə, sadəcə insan qalmaq, peşəsini və mənəviyyatını qorumaq, mövcud reallığa zehnən boyun əyməmək əslində o görünməz tauna qarşı ən böyük müqavimətdir. İlkin olaraq müvəqqəti dövr üçün nəzərdə tutulmuş bəzi xüsusi qaydaların zaman keçdikcə gündəlik həyatın bir parçasına çevrilməsi hallarına da rast gəlinir. Bu durum əksər hallarda sabitliyi qorumaq və riskləri önləmək məqsədindən qaynaqlanır. Cəmiyyət fərqli həyat şəraitinə uyğunlaşdıqca, bu vəziyyət tədricən yeni bir gündəlik reallıq kimi qəbul olunmağa başlayır. İnsan psixologiyasının yüksək adaptasiya qabiliyyəti sayəsində fərdlər zamanla mövcud çərçivələri təbii bir hal kimi mənimsəyir və bu mühiti həyatın qaçılmaz bir gedişatı olaraq dəyərləndirirlər.

Kamyunun romanın sonunda verdiyi o məşhur xəbərdarlıq təsadüfi deyil. “Taun mikrobu heç vaxt ölmür, o, illərlə mebellərdə, zirzəmilərdə, sandıqlarda yatıb öz məqamını gözləyir və bir gün insanlara bədbəxtlik gətirmək üçün siçovullarını yenidən hansısa xoşbəxt şəhərə göndərir.”

Leave a Comment