Elçin hər səhər 9:06-da işə gəlirdi. Altı dəqiqə gecikməyin heç bir mənası yox idi, nə kimisə narahat edirdi, nə də kiminsə nəzərinə dəyirdi. Amma o elə edirdi. Bəlkə yeganə azadlığı bu idi. Kiçik, mənasız, amma özününkü.
Bina şüşə və xromdan idi. Bakının qış günəşini elə bir laqeydliklə əks etdirirdi ki içəri girəndə adam özünü də bir az şəffaf hiss edirdi. Lobbidə böyük güzgü var idi, Elçin hər gün oradan keçəndə özünə baxırdı: bahalı kostyum, uğurlu adam görüntüsü. O görüntünün arxasında nə olduğunu isə güzgü göstərmirdi.
Masasında bir şey var idi ki o binada yeganə rəngli olan o idi: Lalənin bağışladığı kiçik çərçivə. İçində payız yarpaqları, sarı, narıncı, bir az qırmızı. Lalə universitetdə qrup yoldaşı olmuşdu. Elçin o vaxtlar ona hər şeyi danışardı. Uzaqlara getmək istədiyini, həyatı başqa cür yaşamaq istədiyini, azad olmaq istədiyini. Lalə dinləyirdi, gülümsəyirdi, bəzən “bəs indi niyə getmirsən?” deyirdi. Elçinin həmişə bir cavabı olurdu: vaxt yoxdur, pul yoxdur, hələ tezdir.
Universitet qurtardı. İş başladı. Lalə yaddan çıxdı. Çərçivə qaldı.
İndi hər gün eyni idi. Səhər bina, axşam ev, arada ekran. Elçinin kompüterdə ən çox baxdığı şeylər iş sənədləri deyildi, uzaq şəhərlərin şəkilləri idi. Berlin küçələri. Amsterdam kanalları. Kiçik bir alman şəhərinin meydanında insanlar qəhvə içir. Elçin bu şəkillərə baxanda nəsə açılırdı içində, sonra ekranı bağlayanda yenə bağlanırdı.
Fikirləşirdi: buradan çıxsa hər şey düzələcək. Bu şəhər onu boğur. Bu iş onu qurudur. Bu həyat ona yaraşmır. Sadəcə getmək lazımdır, qalanı öz-özünə həll olacaq.
Sadəlövh bir məntiq idi. Amma insan bəzən elə bir məntiqə elə möhkəm sarılır ki onu əlindən almaq istəməzsiniz.
Həmin şənbə axşamı evdə qalmaq istəmirdi. Nə filmi var idi, nə kitabı. Telefona baxdı, Pantomim Teatrında tamaşa var idi: “Yük”. Bəxtiyar Xanızadənin əsəri. Elçin teatra çox getmirdi, amma həmin axşam nədənsə getdi.
Tamaşa sözsüz idi, pantomima idi. Amma Elçin hər şeyi anladı. Səhnədəki adam yük daşıyırdı, fiziki, görünən, real bir yük. Onu qoyurdu, başqa yük götürürdü. O yükü qoyurdu, birincini yenidən götürürdü. Yer dəyişirdi, yük dəyişmirdi.
Tamaşadan çıxanda hava soyuq idi. Evə getmək istəmədi, piyada bulvara doğru getdi. Xəzər qaranlıqda böyük və sakit idi. Dalğalar sahilə gəlir, geri qayıdır, yenə gəlirdi. Elçin dayandı.
Fikirləşdi.
Əgər taxta parçasını suya atsanız külək onu o biri sahilə apara bilər. Amma taxta eyni taxtadır. Su onu dəyişmir. Sahil onu dəyişmir. Taxta taxtadır.
Adam da belədir. Harasa gedəndə özünü aparır. Hər yerdə də eyni Elçin oyanacaq, eyni kompüterdə eyni boşluğu hiss edəcək, sadəcə pəncərədən görünən şəhər fərqli olacaq. Problemlər çamadanda deyil, başda olur. Başı isə hər yerdə özünlə aparırsan.
Bu fikir ona acı gəldi.
Dəniz dalğalanırdı. Elçin soyuqdan əlini cibinə qoydu, hərəkət etmədi.
Düşündü: bütün bu illər ərzində o nə etmişdi? İşdə strateji təhlillər hazırlamışdı, şirkət üçün ağıllı planlar düzmüşdü. Başqalarının problemlərini analiz etmişdi. Özünü analiz etməmişdi. Özünə heç vaxt o ağıllı sualları verməmişdi: nə istəyirsən, nədən qaçırsan, nəyi itirmisən?
Laləni xatırladı. Onun “bəs indi niyə getmirsən?” sualını xatırladı. O vaxt cavab vermişdi: hələ vaxtı deyil. Əslində isə cavab başqa idi, çünki problem getməkdə deyildi.
Ertəsi gün yenə 9:06-da gəldi. Bina eyni idi, kostyum eyni idi, güzgüdəki adam eyni idi. Amma bir şey fərqli idi, o fərqli idi.
Kompüteri açdı. İşə başladı, amma bu dəfə başqa cür, başı orada idi, fikirləri dağınıq deyildi.
Axşam Laləyə yazdı. Sadə bir mesaj: “Salam, necəsən? Çoxdan görüşməmişik.” Göndərdikdən sonra telefonu söndürdü, çərçivəyə baxdı. Yarpaqlar hələ də eyni rəngdə idi, sarı, narıncı, bir az qırmızı.
Hər şey birdən dəyişmədi. Həyat o gecədən sonra möcüzəli bir şəkildə gözəlləşmədi. Elçin sabah da 9:06-da gəldi, o biri gün də. Bina hələ soyuq idi, iş hələ monoton idi.
Xoşbəxtlik gediləcək bir yer deyil. Nə vaxtsa nail olunacaq bir şey də deyil. Qaçmaq isə yorucudur.