Kino dünyasında bəzən bir film hekayə danışmaqdan çox, hiss etdirməyi hədəfləyir. Robert Zemeckis-in son filmi “Here” (2024) də məhz belə əsərlərdən biridir. O, səni əyləncəli süjet axınına cəlb etmir, sürətli hadisələrlə “əsir” almır. Əksinə, bir otaqda, sabit kamera önündə, bütün zamanların izlərini göstərərək həyatın özünü sorğulamağa vadar edir. Bu filmə baxarkən sanki bir evi deyil, zamanın özünü izləyirsən.
Filmin əsas ideyası çox sadədir: hər şey dəyişir, amma məkan qalır. Bir evin salonu əsrlər boyunca minlərlə hekayəyə şahidlik edir – sevgi, ölüm, doğum, müharibə, pandemiya, gündəlik həyat. Bəzən biz unuduruq ki, yaşadığımız məkanlar sadəcə divar və pəncərələrdən ibarət deyil – onlar xatirələrin daşıyıcısıdır. Film də məhz bunu göstərir. Divarlar da insanlar kimi yaşayır və yadda saxlayır.
Tom Hanks və Robin Wright canlandırdıqları Richard və Margaret obrazları ilə filmin emosional mərkəzindədirlər. Onların həyatını otağın divarları içində izləyirik – uşaqlıqdan qocalığa, doğumdan ölümə qədər. Burada aktyorların “de-aging” texnologiyası ilə müxtəlif yaş dövrlərində göstərilməsi maraqlı vizual effekt yaradır. Bəziləri bunu süni hesab edir, amma əslində filmə “zamanın axını” hissini verən ən vacib detaldır. Filmdə ən maraqlı tərəflərdən biri budur ki, eyni məkan daxilində bir neçə zaman paralel təqdim olunur. Bu keçidlər o qədər incə verilir ki, sanki zamanın qırıntıları bir-birinə qarışır. Bu isə bizə həyatın təkrarlanan və davamlı dövrlərini xatırladır.
“Here” bəzi izləyicilər üçün çox yavaş, hətta cansıxıcı görünə bilər. Çünki film klassik süjet quruluşundan uzaqdır. Hadisələr yox, hisslər ön plandadır. Bəzən dialoqlar klişe təsiri bağışlayır, emosiyalar “çox sentimental” görünür. Amma filmin gücü də elə buradadır: sadə, amma universal mövzulara toxunur – ailə, itkilər, yaddaş və zaman. “Here” bizə göstərir ki, zaman keçir, insanlar gedir, amma izlər qalır.