
Dünya ədəbiyyatında daha çox qalmaqallı “Lolita” (1955) romanı ilə tanınan rus mühacir yazıçısı Vladimir Nabokovun “Lujin Müdafiəsi” (Защита Лужина / The Defense) əsərini oxumaq və eyni zamanda Marleen Gorrisin rejissorluğu ilə çəkilmiş ekran işini izləmək fürsətim oldu. Baş rollarını Emili Uotson (Emily Watson) və Con Turturronun (John Turturro) paylaşdığı bu film, kitabın motivləri əsasında ərsəyə gəlmiş uğurlu adaptasiyalardan biridir.
“Lujin Müdafiəsi” mənim şahmat mövzusunda Stefan Sveyqin məşhur “Şahmat” (Schachnovelle) novellasından sonra oxuduğum ikinci əsər idi. Hər iki əsərin mərkəzində şahmat və dahilik dayansa da, süjet xətləri və yanaşma tərzi tamamilə fərqlidir. Sveyqin dünya ədəbiyyatındakı xüsusi yeri danılmazdır, lakin bu iki yazıçını və əsərlərini müqayisə etmək, zənnimcə, sadəlövhlük olardı.
“Tanrıların oyunu. Sonsuz ehtimallar.”
Vladimir Nabokov, Lujin Müdafiəsi
Kitab haqqında qısa bir xülasə vermək istərdim. Əsərin baş qəhrəmanı Aleksandr İvanoviç Lujindir. Bu roman, adət etdiyimiz digər rus klassiklərindən fərqli olaraq, çoxsaylı personajlarla yüklənməyib. Yazıçı Lujinin uşaqlıq illərindən başlayaraq, onun qorxaqlığını, yalnızlığını və adamayovuşmazlığını xüsusi ilə ailəsinin çarəsiz axtarışlarını təsvir edir. Sanki əsərin əvvəlindən baş qəhrəmanın “fərqli” biri olduğuna, lakin bu fərqliliyin və xüsusiliyin təhlükəli tərəflərinə işarə vurulur. Nabokov şahmatı sadəcə qəhrəmanın həyatının mərkəzinə qoymur, şahmatı birbaşa onun həyatının özünə çevirir. Lujin tənhalığını və mənəvi ağrılarını yalnız bu oyun vasitəsi ilə dəf etməyə çalışır. Kitabı oxuduqca insanda qəribə bir narahatlıq yaranır. Bunu rus yazıçılarının ortaq “genetik” bacarığı hesab etmək olar. Müəllif tənhalığın və ağrıların detallarını elə ustalıqla təsvir edib ki, insan o ağrını iliklərinə qədər hiss edir. Bəzən bu hisslər o qədər ağırlaşır ki, oxumağa ara vermək istəyirsən – müəllif oxucunu Lujinin o iztirablı dünyasına həbs edə bilir.
İstedadlı insanlar öz bacarıqlarını kəşf edib üzərində çalışdıqda uğur qaçılmaz olur. Lakin bir işlə dəlicəsinə məşğul olmaq, onu bir “sığınacaq” kimi görüb real həyatın məsuliyyətindən qaçmaq faciə ilə nəticələnə bilər. Lujin də belə insanlardandır. O, real dünyada yox, şahmat taxtasının üzərində yaşayır.
O, ən böyük rəqibi Turatiyə qarşı mükəmməl bir “müdafiə” taktikası hazırlayır. Ancaq paradoks ondadır ki, şahmatda müdafiə olunmağa bu qədər baş yoran qəhrəman, həyatın reallıqlarına qarşı özünü müdafiə edə bilmir və məğlub olur. Həkimlərin tövsiyəsi və sevdiyi qadının təkidi ilə o, şahmatdan uzaqlaşmağa çalışır, çünki bu oyunun onun sonu olacağı əvvəlcədən bəlli idi.
Nə əsər, nə də film haqqında daha geniş danışıb “spoiler” vermək istəmirəm. Nabokovun bu dərin fikri ilə yazımı bitirirəm:
“ Gələcək qeyri-müəyyənliklərlə doludur. Amma bəzən qeyri-adi bir güc talehin təbii axınına müdaxilə edir, sıx və qatı bir dumanı dağıdır. Düşüncə isə məhz o dumanın içindən çıxaraq özünü göstərir.” ― Vladimir Nabokov, Lujin Müdafiəsi