
2008-ci ildə Oğuz Alper tərəfindən ərsəyə gətirilən “Sonbahar” filmi, izləyicisini son ana qədər təsiri altında saxlaya bilən bir ekran əsəridir. Bir çox türk dramlarında olduğu kimi, bu filmdə də rus ədəbiyyatının, xüsusilə klassik romanların təsirini açıq şəkildə hiss etmək mümkündür. Filmin baş qəhrəmanı Yusufu belə təsvir etmək olar: Raskolnikov qədər günahkar, Oblomov qədər yorğun, Yefimiç qədər ümidsiz. Bu təsvirin özü filmin ruhunu və emosional ağırlığını tam şəkildə ifadə edir. Ekran əsərinin atmosferi başdan sona qədər tamaşaçının içinə işləyir, sanki soyuq payız küləyi kimi ruhuna toxunur. “Sonbahar” əsl payız filmidir — tutqun, yağışlı və bir az da kədərli bir havada izlənilməli bir filmdir.
Film, on ildən artıq həbsxanada məhkum həyatı yaşamış, siyasi əqidəsi uğrunda illərini qurban vermiş siyasi məhbus Yusufun həyatının sonlarına qısa səyahətdir. Onun azadlığa çıxması, “Hayata Dönüş Operasyonu” adlı dövlət proqramı çərçivəsində həyata keçirilir, amma azadlıq Yusuf üçün başlanğıc deyil. O, artıq həyatın sonunun yaxınlaşdığını bilir; ölümün sükutu onun hər addımına, hər nəfəsinə qarışıb. Filmin özünəməxsus musiqisi, onu oxşar mövzuda çəkilmiş digər filmlərdən fərqləndirir. Burada siyasi təbliğat yoxdur; heç bir xarakter ideoloji mesaj vermək üçün mövcud deyil. Yusuf onsuz da siyasətin, sistemin və apardığı mübarizənin gətirdiyi yükdən yorulub. Onun həyatında artıq sözlərin və çağırışların heç biri əks-səda doğurmur. Həbsdən azad olduqdan sonra Yusuf doğulub böyüdüyü kəndə qayıdır. Amma kənd artıq dəyişib: şəhərin cazibəsi, işsizlik və bu tip məişət problemləri səbəbindən demək olar ki, boşalıb, yalnız qocalar qalıb. Gənclər isə yeni üfüqlərə üz tutublar. Yusuf burada həm öz uşaqlıq xatirələrini, həm də keçmişdə itirilmiş illəri xatırlayır, sanki zamanın tozunu təmizləməyə çalışır.

Filmin “yayla” səhnələri və Qara dənizin çılğın dalğaları bir-birinə qarışaraq Yusufun daxili aləmində baş verən fırtınaları vizual olaraq əks etdirir. Tulumun boğucu, lakin ruhani səsləri filmin atmosferinə qatılır, Yusufun ürəyində boğulmuş fəryadı və keçmişin izlərini dilə gətirir. Bir gün dostu onu bir kafe kimi bir yerə aparır və orada Yusuf, Gürcü qızı Elka ilə tanış olur. Elka SSRİ dağıldıqdan sonra işsiz və yoxsul qalmış, ailəsini dolandırmaq üçün istəmədiyi işləri məcburiyyət qarşısında görən bir qadındır. O, başqa bir sistemin, başqa bir dünyanın qurbanıdır. Yusufla Elka bir-birinə baxdıqda, sanki dünya bir anlıq dayanır. Amma aralarına Qaradəniz girir. Qaradəniz bu filmdə yalnız fon deyil, Yusufun iç dünyasındakı fırtınanın görünən üzüdür. Sahil səhnəsindəki çılğın dəniz, Yusufun içindəki qəzəbin, peşmanlığın və boşa keçmiş illərin səssiz hayqırtısıdı. Arxa planda eşidilən saat səsi, zamanın sürətlə keçdiyini və ölümün sakitcə yaxınlaşdığını xatırladır. Yusuf artıq yaşamaqdan deyil, yaşaya bilməməkdən əzab çəkir. Filmin özünəməxsusluğu ondadır ki, yalnız Yusuf deyil, hər kəs yalnızdır: anası, dostu, Elka.

Filmdəki ən gözəl hissə ilə yazını bitirmək olar:
“Ne düşünüyorum, biliyor musun, Yusuf? Keşke, her şeyi geride bırakıp, uzun bir yolculuğa çıkabilseydik seninle?”
