Məhəmməd Əmin Rəsulzadə – 142

Tarixi şəxsiyyətləri dəyərləndirərkən ən böyük çətinlik onları miflər və emosiyalardan arındırıb, real tarixi kontekstdə təhlil edə bilməkdir. 142-ci ildönümünü qeyd etdiyimiz Məhəmməd Əmin Rəsulzadə (1884-1955), Cümhuriyyətin qurucusu olmaqla yanaşı, Cənubi Qafqaz və İran coğrafiyasında modern siyasi fikrin ən mürəkkəb və təkamül edən fiqurlarından biridir.

1. Sosialist mühit və İran

Rəsulzadənin siyasi fəaliyyətə başladığı dövr Çar Rusiyasının periferiyalarında inqilabi ab-havanın yüksəldiyi vaxta təsadüf edir. Çox vaxt onun millətçi kimliyi ön plana çıxarılsa da, tarixi faktlar göstərir ki, gənc Rəsulzadə sosial-demokrat ideyaların təsiri altında idi. 1904-cü ildə yaradılan “Hümmət” təşkilatının qurucularından biri kimi, o, milli məsələlərdən daha çox sosial ədalətsizlik və fəhlə hüquqları üzərində dayanırdı. Lakin bolşeviklərdən fərqli olaraq, o, sinfi mübarizəni milli azadlıqdan ayrı görmürdü.

1908-ci ilin sonunda çar hökumətinin təqiblərindən yayınmaq məqsədilə Bakını tərk edən Məhəmməd Əmin Rəsulzadə İrana mühacirət edir. Bu köç onun siyasi karyerasında mühüm bir mərhələnin başlanğıcı olur. 1910-cu ilin sentyabrında o, Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə və Seyid Məhəmməd Rza kimi dövrün görkəmli ziyalıları ilə birlikdə İran Demokrat Partiyasının (Firqeyi-Demokrat) əsasını qoyur.

Onun bu dövrdəki ən böyük xidmətlərindən biri də mətbuat sahəsində olur. Rəsulzadə Avropa tipli ilk böyük gündəlik qəzet olan “İran-i Nov” (Yeni İran) və “İran-i Ahat” nəşrlərinin baş redaktoru vəzifəsini icra edir. Qeyd etmək lazımdır ki, 1910-cu ilin yayında fəaliyyəti müvəqqəti dayandırılan “İran-i Nov”, həmin ilin 26 oktyabr tarixindən etibarən artıq İran Demokrat Partiyasının rəsmi mətbuat orqanı kimi yenidən işıq üzü görməyə başlayır. Bu qəzet vasitəsilə Rəsulzadə Şərq cəmiyyətinə parlamentarizm, qanunun aliliyi və demokratik prinsipləri aşılayan fundamental məqalələr müəllifi kimi tanınır.

Rəsulzadə İranda “Firqeyi-Demokrat”ın proqramını hazırlayanlardan biri idi. Bu proqramda irəli sürülən “din və dövlət işlərinin ayrılması” və “torpaq islahatı” ideyaları Şərq üçün inqilabi addımlar idi. Azərbaycan Xalq Cümhuriyyətinin parlament modeli məhz bu “partiya-fraksiya” intizamının və dünyəvi dövlət anlayışının daha təkmilləşmiş forması idi. Rəsulzadə üçün İran mühiti bir “siyasi laboratoriya” idi. O, parlamentarizmin praktiki çətinliklərini, mühafizəkar təbəqənin müqavimətini və konstitusiyanın (Məşrutənin) bir cəmiyyəti necə transformasiya edə biləcəyini orada canlı müşahidə etdi. 1918-ci ildə Azərbaycan İstiqlal Bəyannaməsini hazırlayarkən, onun əlində artıq nəzəri biliklərlə yanaşı, real “Şərqdə dövlət quruculuğu” təcrübəsi var idi.

2. Cümhuriyyətdən öncə

Məhəmməd Əmin Rəsulzadənin İrandakı fəallığı təkcə Qacarların deyil, həm də regionda hegemonluq edən Çar Rusiyasının ciddi narahatlığına səbəb olmuşdu. Rusiya diplomatiyasının təzyiqləri nəticəsində 1911-ci ilin mayında İrandan çıxarılan Rəsulzadə İstanbula üz tutur. Bu mühacirət onun ideoloji dünyasında “türkçülük” xəttinin kəskinləşməsində mühüm rol oynayır. Rəsulzadə İstanbulda olduğu müddətdə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu kimi həmyerliləri ilə yanaşı, Yusif Akçura və Ziya Göyalp kimi türkçülük ideologiyasının nəzəriyyəçiləri ilə sıx təmasda olur. O, “Gənc türklər” hərəkatına rəğbət bəsləyir, “Türk ocağı” cəmiyyətinin işində fəal iştirak edir və 1911-ci ilin noyabrından etibarən “Türk yurdu” jurnalının əsas müəlliflərindən birinə çevrilir. Məhz bu mühitdə o, milli istiqlalın yalnız siyasi deyil, həm də mədəni-ideoloji təməllər üzərində qurulmalı olduğu qənaətinə gəlir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə elan edilən amnistiya Məhəmməd Əmin Rəsulzadənin vətənə qayıtmasına şərait yaradır.

1917-ci ilin Fevral inqilabı isə Rəsulzadəyə özünün illərlə hazırladığı nəzəri modelləri praktik müstəviyə keçirmək üçün tarixi şans verir. 1917-ci ildə Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında Rəsulzadənin çıxışı həlledici oldu. O dövrdə əksəriyyət “mədəni muxtariyyət” tərəfdarı ikən, Rəsulzadə “ərazi muxtariyyəti” (federalizm) ideyasını irəli sürdü. Bu, tam müstəqilliyə gedən yolda strateji bir addım idi.

Siyasi arenada pərakəndəliyi aradan qaldırmaq məqsədilə 1917-ci il iyunun 17-də mühüm bir birləşmə baş tutur. Nəsib bəy Yusifbəylinin Gəncədə fəaliyyət göstərən “Türk Ədəmi-Mərkəziyyət Firqəsi” ilə Rəsulzadənin rəhbərlik etdiyi “Müsəlman Demokratik Müsavat Partiyası” vahid bayraq altında birləşir və sədr Məhəmməd Əmin Rəsulzadə seçilir.

3. Cümhuriyyət və sonrası

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Rəsulzadənin rolu, çox vaxt yanlış olaraq, icraedici hakimiyyətlə qarışdırılır. Cümhuriyyət dövründə parlamentdəki mənzərə çox rəngarəng idi: radikal solçular, mühafizəkar dindarlar , liberal-millətçilər və milli azlıqlar. O, özünü gündəlik siyasətdən yuxarıda tutaraq, Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli hökumətləri üçün “ideoloji qalxan” funksiyasını yerinə yetirirdi. Hökumətlər parlamentdə kəskin tənqid olunanda, Rəsulzadə çıxışları ilə dövlət marağını partiya marağından üstün tutmağı bacarırdı. Əgər o, parlamentdəki o kəskin fraksiya mübarizələrini idarə edə bilməsəydi, Cümhuriyyət 23 ay deyil, bəlkə də 23 gün yaşamaz, daxili çəkişmələrdə boğulardı. Rəsulzadənin AXC dövründəki işləri tək bir sahə ilə məhdudlaşmır. O, həm tarix yazan, həm dövlət yaradan , həm də gələcəyi planlayan bir dövlət xadimi idi. Onun ən böyük işi isə Azərbaycan xalqına “Vətəndaş” olduğunu və öz taleyini özünün təyin edə biləcəyini öyrətməsi oldu.

1920-ci ildə həbsdən Stalin tərəfindən çıxarılıb Moskvaya aparılan Rəsulzadə, yüksək vəzifə təkliflərini rədd edərək Finlandiya üzərindən qaçmış və mühacirəti mübarizənin yeni mərhələsi kimi seçmişdir. Rəsulzadənin mühacirətdə gələcək üçün bir yol xəritəsi cızmaqda idi və milli hərəkatın varisliyini təmin etməyə çalışırdı. “Əsrimizin Siyavuşu” əsərinin sonunda gələcək nəsillərə müraciəti, Azərbaycan dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edir:

Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enməz! “

Leave a Comment