
Dünya kinosunun əfsanəsi, beş “Oskar” mükafatı laureatı Federiko Fellini adı hər bir kinosevər üçün tanışdır. Onun yaradıcılıq yolu və çətin həyat hekayəsi, filmlərinin adından tutmuş süjetinə qədər hər detalda özünü büruzə verir. Lakin bu yazımızın əsas mövzusu italyan ustadın özü deyil, rejissor və ssenari müəllifi Cavid Təvəkkülün 2010-cu ildə ərsəyə gətirdiyi “Əzizim Fellini” bədii filmidir. “Fellini” adını eşidən izləyici bəlkə də filmin klassik bir bioqrafiya və ya bənzətmə üzərində qurulduğunu düşünə bilər. Lakin Cavid Təvəkkül bu stereotipi qıraraq tamaşaçını tamamilə fərqli bir atmosferə dəvət edir. Film izləyicini ilk dəqiqələrdən sona qədər ekrana kilidləyir və intizar içində saxlayır. Bu yazıda filmi tamamilə açıb-tökərək izləmək istəyənlər üçün “spoiler” vermək istəməzdim. Mən filmə sadəcə həvəskar bir izləyici gözü ilə nəzər salmaq istədim.
Filmin musiqi tərtibatı Firuddin Allahverdiyə həvalə edilib və bu seçim layihənin ən uğurlu tərəflərindən biridir. Xüsusilə filmin ana musiqisi olan “Hardasan” saundtreki o qədər populyarlaşıb ki, bu gün bir çox dinləyici həmin mahnının məhz bu film üçün yazıldığından, hətta filmin mövcudluğundan belə xəbərsizdir. “Youtube” platformasındakı baxış sayları da bu musiqinin müstəqil bir sənət əsəri kimi nə qədər sevildiyini təsdiq edir.
Texniki baxımdan görüntü və səs keyfiyyəti müasir standartlardan bir qədər geri qalsa da, kamera işini və rakurs seçimlərini möhtəşəm adlandırmaq olar. Rejissor vizual çatışmazlıqları estetik kadrlarla kompensasiya etməyi bacarıb. Filmdə “flashback” (keçmişə qayıdış) texnikasından çox məharətlə istifadə olunub. Rejissor zamanlararası keçidlərlə diqqəti gah keçmişə, gah da gələcəyə yönəltsə də, bu dağınıqlıq əslində izləyicini “oyaq” saxlayan və hadisələri daha dərindən dərk etməyə xidmət edən bir üsuldur.
Filmin ideyasının tamamilə orijinal olduğunu iddia etmək çətindir. Kinoya duyulan romantik bağlılıq və bənzər süjet xətləri dünya kinosunda az deyil. Lakin “Əzizim Fellini”ni fərqləndirən onun poetik ruhudur. Filmin başlanğıcında baş qəhrəman Rasimin (bizim “Fellini”nin) qabiliyyət imtahanında Ramiz Rövşənin “İlan balası” şeirini səsləndirməsi təsadüfi deyil. Bu seçim rejissorun yüksək bədii zövqündən və ədəbi biliyindən xəbər verir:
Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
İlan balasının zəhərə çevrilən həvəsi kimi, Rasimin də rejissor olmaq eşqi onun canında bir “zəhərə” çevrilir. Rasim əvvəllər pedaqogika üzrə təhsil aldığı Bakı şəhərinə bu dəfə böyük rejissorluq eşqi ilə qayıdır. Lakin onun bu sınağı çox çəkmir, o da bir çoxları kimi Azərbaycanda incəsənət adamı olmağın çətinlikləri və real imtahanı ilə üzləşir. Kənd həyatına sığmayan, Bakıya böyük ümidlərlə gələn Rasim Azərbaycan gerçəkliyində sənət adamı olmağın çətinlikləri və real sınaqları ilə üzləşir. Rejissor qabiliyyət imtahanı səhnəsini bütün çılpaqlığı və ağrısı ilə təsvir edə bilib.
İmtahandan kəsilən, rejissor olmaq üçün hər cür fədakarlığa hazır olan “Fellini” taleyin hökmü ilə Leyla ilə tanış olur. Leyla mütaliəli, intellektual və dünyagörüşlü bir qadın olsa da, həyat tərzi cəmiyyətin qəbul etdiyi normalardan uzaqdır. Məhz Leyla Rasimdəki potensialı görür və ona “Fellini” adını verir. Bu ad həm bir sevgi nişanəsi, həm də nakam arzuların simvoluna çevrilir.
Sözün düzü, mən filmə ikinci dəfə baxdıqdan sonra rejissorun çatdırmaq istədiklərini daha yaxşı anladığımı düşünürəm. Bəzən insan hər şeyi “sil baştan” edib həyatını dəyişmək istəyir, yaxud o ümidi həmişə ürəyində daşıyır. Biz bəzən elə bir ümidlə yaşayırıq ki, kəşf edilməmiş və ya istifadə olunmamış böyük bir potensialımız var. Lakin ya “vəlvələdən, ya zəlzələdən”, ya tənbəlliyimizdən, ya da taleyin oyunundan dolayı bu potensialdan istifadə edə bilmirik. Rasim kənddə müəllim kimi çalışmaq istəmədiyini, yeni axtarışlarda olduğunu və olduğu yerdə sıxıldığını bildirir. Mən də insanın cəhd etməsinin, arzularının ardınca getməsinin tərəfdarıyam, ancaq bəzən həyatın reallıqları bizə tamamilə başqa mənzərələr göstərir. Film izləyiciyə öz həyatını sorğulamaq üçün şərait yaradır: Rasim kənddə qalıb sakitcə müəllimliyini etməli idi, yoxsa bütün bu hadisələr onun başına gəlməli idi?
Yuxarıda filmin poetikası haqqında qeyd etmişdim. Filmdəki bu poetik ruh qəhrəmanın daxili qaçışını son dərəcə təsirli ifadə edən bu misralarla tamamlanır. Filmdə müəllifini bilmədiyim bir şeir var ki, onu çox sevirəm. Rasimin ifasında bu şeir çox təsirli alınır.
Sevda var başımda, dəli bir sevda,
Qəlbimdə sızlayan, göynəyən ağrı.
Bu dəli sevdayla düşüb yollara,
Gedirəm harasa, nəyəsə doğru.
Mən məni tərk etdim, mənimdən keçdim,
Özüm də bilmədim bu sevda nədir.
Ağlımı başımdan elə aldı ki,
Unutdum mən kimməm, bu dünya nədir.
Aman Allah, insan necə dəyişər?
Dəyişdim mən artıq, o mən deyiləm.
Heç idim, mən oldum sevda yolunda,
Ölsəm də bu yoldan dönən deyiləm.
Ruhumu bu sevda tanıtdı mənə,
Tanıdım içimdə nədir alışan.
Mən indi bir ruham, qərib, kimsəsiz,
Sevda yollarında gəzib-dolaşan.
Atamdan, anamdan, doğmalarımdan,
Hamıdan əlimi üzüb gedirəm.
Başımı götürüb mən bu dünyadan,
Qaçıram, hər şeydən bezib gedirəm.
Qaçıram, gedirəm, həmdəmim bu yol,
Mənim kimim var ki bu yoldan özgə?
Üz tutub gedirəm sonsuzluqlara,
Kim bilir, sonunu tapacam bəlkə.