The Auditors ( 2024,IMDB 7.8)

“The Auditors” (2024, IMDb: 7.8) – Audit dünyasını sadəcə rəqəmlərdən ibarət deyil, yüksək gərginlikli bir dedektiv hekayəsi kimi təqdim edən 12 seriyalıq Cənubi Koreya dramıdır. Serialın mərkəzində soyuqqanlı və istedadlı bir audit komandası rəhbəri ilə işə yeni başlayan idealist bir gəncin maraqlı iş birliyi dayanır. Onların birlikdə şirkətdəki mürəkkəb maliyyə fırıldaqlarını və kök salmış korrupsiya şəbəkəsini ifşa etmə prosesi, korporativ mühitin bütün reallıqları ilə əks olunub. Peşəkar etika və mənəvi dilemmalar arasında gedən bu mübarizəni izləmək üçün auditor olmağınız şərt deyil – keyfiyyətli ssenari axtaran hər kəs üçün dəyərli bir ekran işidir.
Yoxlama (2006, IMDB 8.0)

Azərbaycan kinematoqrafiyasının ən dəyərli nümunələrindən biri olan “Yoxlama” serialı, audit müstəvisində cərəyan edən bir qəhrəmanın hekayəsidir. Ekran əsərinin rejissoru və ssenari müəllifi Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şərəf” ordenli görkəmli sənətkar Vaqif Mustafayevdir. Vaqif Mustafayev yaradıcılığı Azərbaycan kinosunda xüsusi bir mərhələdir. Vaqif Mustafayevin yaradıcılığı incəsənət xadimləri üçün bütöv bir məktəb olmaqla yanaşı, bu serial həm də praktiki tərəfləri ilə gənc auditorlar üçün maraqlı metodik vəsait xarakteri daşıyır. Rejissorun işlərində, xüsusilə müəllifi olduğu “Mozalan” süjetlərində onun korporativ mühiti və iş dünyasını nə dərəcədə dərindən analiz etdiyini, yüksək müşahidə qabiliyyətinə malik olduğunu aydın görmək mümkündür. Vaqif Mustafayevin müşahidə qabiliyyəti o qədər itidir ki, adi bir bürokratik prosesi və ya gündəlik məişət hadisəsini dünya səviyyəli dramatik bir sənət əsərinə çevirə bilir. Onun ekran əsərləri zamanın sınağından keçmiş, aktuallığını heç vaxt itirməyən və hər dəfə baxıldıqda yeni bir detal kəşf edilən vizual ensiklopediyadır.
Hər biri təxminən bir saatlıq 8 seriyadan ibarət olan bu ekran işi, bizi Dövlət Vergi Xidmətinin sadə, dürüst, peşəkar lakin sarsılmaz prinsiplərə malik əməkdaşının dünyasına aparır. Habilin həyatı, mürəkkəb bir maliyyə fırıldağını araşdıran yaxın iş yoldaşının qəfil vəfatından sonra tamamilə dəyişir. O, dostu qədər yaxın bildiyi həmkarının yarımçıq qalmış araşdırmasını sona çatdırmağı özünə mənəvi borc bilir.
Bu araşdırmanı genişmiqyaslı vergidən yayınma hallarına, dövlət vəsaitinin mənimsənilməsinə və qaranlıq maxinasiyalara qarşı təkbaşına açılan bir cəbhə hesab etmək olar. Ssenaridə vergi və mühasibatlığın mürəkkəb tərəfləri, korrupsiyanın incə mexanizmləri o qədər peşəkarlıqla işlənib ki, hadisələr “real həyatdan” götürülmüş təsiri bağışlayır.
Habil obrazı, əslində, bir auditorun sahib olmalı olduğu bütün fundamental keyfiyyətlərin canlı təcəssümüdür. Onun üçün audit bir xarakter sınağıdır. Habilin hər araşdırmasında biz peşəkar skeptisizmin izlərini görürük. Bu yolda ona sarsılmaz obyektivliyi yol göstərir. Heç bir təzyiq və ya dostluq bağı onun həqiqətə olan baxışını bulandıra bilmir. Peşəkar davranışı isə ona bu ağır yükün altında ləyaqətini qoruyaraq sona qədər getmək gücü verir. Mərhum Əjdər Həmidovun canlandırdığı Habil obrazı bizə sübut edir ki, qəhrəmanlıqlar döyüş meydanlarında olduğu kimi başqa sahələrdə də olur.
Serialı izləmək üçün keçid