Biznes proses və onun risklərin idarə edilməsində rolu nədir?

Biznes proseslər və növləri

Biznes proses biznesdə hədəflənən nəticəyə nail olmaq üçün nəzərdə tutulmuş bir-biri ilə əlaqəli fəaliyyətlərin toplusudur. Adətən, bu, konkret məhsulun istehsalı, xidmətin göstərilməsi və ya biznesin hədəfinin reallaşdırılması ilə yekunlaşan ardıcıl tapşırıqlar silsiləsidir.

Biznes proseslər mütləq şəkildə bir-birlərindən müstəqil deyildir. Bir restoranda ofisiant (əməliyyat) sifarişi səhv götürərsə, mətbəxdəki aşpaz (istehsal) nə qədər peşəkar olsa da, müştəri narazı qalacaq. Yəni işlər bir-birinə zəncirvari bağlıdır. Korporativ strategiya bu proseslərin bir-biri ilə mütəşəkkil və ya paralel icrasını tələb edə bilər. Şirkət “ən sürətli çatdırılma” hədəfini (strategiya) qarşısına qoyubsa, həm kuryerlər (əməliyyat), həm də yeni mobil tətbiq hazırlayan proqramçılar (layihə) bir yerdə, əl-ələ verib hədəf üçün birlikdə işləməlidirlər.

Biznes proseslər aşağıdakı fəaliyyət növlərindən ibarətdir:

  1. Əməliyyat(Əsas) prosesləri (İstehsalat və xidmət prosesləri)
  2. Layihələr
  3. İdarəedici və Dəstəkləyici proseslər

1. Əməliyyat prosesləri biznesin əsas faəliyyəti ilə əlaqəli fundamental proseslərdir. Xidmət sektorunda xidməti alanlar üçün əməliyyat prosesləri birbaşa müştəri ehtiyaclarının qarşılanmasına və dəyər yaradılmasına yönəlmiş fəaliyyətləri əhatə edir. Xidmət sektoru üzrə Mebel salonlarının əməliyyat fəaliyyəti mebellərin müştərirlərə təqdim edilməsi və satış prosesinin icrasından ibarətdir. İstehsal sektoru üzrə Mebel istehsalat müəssisələri üçün əməliyyat prosesləri məhsulun istehsalı və mebel salonlarına satışı ilə bağlı addımları ehtiva edir. Əməliyyat prosesləri bir qayda olaraq, daimi xarakter daşıyır. Bu proseslərə yalnız əməliyyat səmərəliliyinin və effektivliyin artırılması, yaxud texnoloji innovasiyaların inteqrasiyası məqsədilə zəruri struktur dəyişiklikləri və yenilənmələr tətbiq oluna bilər.

2. Layihə, müəyyən bir məqsəd və ya tapşırıq üzərində işləyən, müəyyən bir başlanğıc və bitiş vaxtı olan, resurslarla idarə olunan və nəticə əldə etmək üçün həyata keçirilən fəaliyyətlər toplusudur. Layihələr rutin xarakter daşımayan (təkrarlanmayan) və ya birbaşa deyil, lakin uzunmüddətli perspektivdə töhfə verən formada ola bilər.

Rutin olmayan layihəyə pərakəndə sektorundan belə nümunə vermək olar: bir supermarket şəbəkəsi yeni anbar soyuducu sistemini qurmaq istəyir. Şirkət fərqli təchizatçılar arasında müqayisə aparır və ən uyğun sistemi seçir. Bu fəaliyyət gündəlik satış prosesi deyil, lakin konkret bir ehtiyacı həll edir.

Uzunmüddətli töhfə verən layihəyə isə pərakəndə satış şirkətinin onlayn satış platforması yaratması nümunə ola bilər. Bu layihə mağazada gündəlik satışdan kənardır, lakin uzun müddətdə müştəri bazasının genişlənməsinə və satışların artmasına xidmət edir. Beləliklə, layihələr gündəlik əməliyyatların bir hissəsi olmasa da, retail biznesinin inkişafı və strateji məqsədlərinə çatması üçün vacib rol oynayır.

3. Dəstəkləyici proseslər biznesə nəzarət edən və onu əsas proseslərini dəstəkləyən fəaliyyətlərdir. Bu proseslər biznesin uğurlu fəaliyyəti üçün zəruridir, lakin müştərilər üçün birbaşa dəyər yaratmır. Bu cür prosesləri həyata keçirən əsas funksiyalara İnsan Resursları, Mühasibatlıq, Maliyyə və İnformasiya Texnologiyaları və s. departamentləri daxildir. Məsələn, pərakəndə mağazada İnsan Resursları şöbəsi satıcıların işə qəbulunu və maaşlarının hesablanmasını həyata keçirir. Mühasibatlıq şöbəsi satışlardan əldə olunan gəlirlərin uçotunu aparır və vergilərin vaxtında ödənilməsini təmin edir. İnformasiya Texnologiyaları şöbəsi isə kassaların, POS sistemlərinin və onlayn satış platformasının fasiləsiz işləməsinə nəzarət edir. Müştəri mağazadan məhsul alarkən bu fəaliyyətləri görmür və onlara görə ayrıca ödəniş etmir. Lakin bu proseslər olmasa, mağazanın gündəlik fəaliyyəti və müştəriyə xidmət göstərilməsi mümkün olmaz.

Risklərin idarə edilməsində biznes proseslərin rolu

© Joselle De Labastide (MBA, BSc.) https://jdlbusiness.wordpress.com/2017/10/03/process-mapping-case-of-a-retail-store/

Biznes prosesi bir zəncirdir. Risklərin idarə edilməsi isə həmin zəncirin ən zəif halqasını tapıb onu kontrollar vasitəsilə möhkəmləndirməkdir. Marketlərdə effektiv mal qəbulu həm maliyyə itkisinin qarşısını alır, həm də müştərinin rəfdə hər zaman təzə və doğru məhsul tapmasını təmin edir.

Riskləri görmək üçün ilk növbədə prosesin şəklini çəkmək, yəni xəritələndirmək lazımdır. Marketlərdə (pərakəndə sektorunda) anbara mal qəbulu ən kritik əməliyyat proseslərindən biridir. Bu prosesdəki bir xəta zəncirvari reaksiya verərək satışın azalmasına, maliyyə itkilərinə və hətta hüquqi problemlərə yol aça bilər. Malın maşınla gəlməsindən rəfə qoyulmasına qədər olan hər bir fiziki hərəkət və sənəd dövriyyəsi ardıcıllıqla düzülür. Hər addımda kimin icraçı, kimin məsul və kimin nəzarətçi olduğu müəyyən edilir. Prosesin hansı mərhələsində “Hə/Yox” seçimi var (məsələn: Mal keyfiyyətlidirmi? Bəli – qəbul et, Xeyr – geri qaytar).

Proses xəritəsi hazırlanan zaman risklər nəzərə alınır.

  1. Zəif hissələrin tapılması: “Burada nə səhv gedə bilər?” sualı verilir.
  2. Məlumat boşluqları: Hansı mərhələdə informasiya ötrülməyə və ya yanlış ötürülə bilər?
  3. Resurs çatışmazlığı: Hansı addımda işçi və ya avadanlıq (məsələn, skaner) çatışmazlığı işi ləngidə bilər?
Prosesin MərhələsiRisk Kontrol
1. Sənəd yoxlanışı (Qaimə ilə sifarişin tutuşdurulması)Sifariş verilməyən və ya artıq malın gətirilməsi.ERP sistemində aktiv sifariş forması olmadan malın qəbuluna icazə verməmək.
2. Fiziki sayımQaimədə yazılanla faktiki gələn malın üst-üstə düşməməsi (əskik gəlmə). Mal qəbulçusunun qaiməyə baxmadan malı sayması və sonra sistemlə tutuşdurulması.
3. Keyfiyyət və Tarix yoxlanışıİstifadə müddəti bitmiş və ya qablaşdırması zədəli malın rəfə getməsi.Hər partiyadan təsadüfi seçilmiş məhsulların yoxlanışı.
4. Sistemə girişSayılan miqdarın sistemə yanlış (məs. 10 əvəzinə 100) daxil edilməsi.Barkod skanerlərdən istifadə edərək insan amilini minimuma endirmək.
5. Yerləşdirmə Malın anbarda yanlış koordinata qoyulması və ya soyuducuya gec qoyulması.Kritik məhsulların (məs. süd) qəbulu üçün vaxt limiti qoyulması

Leave a Comment