Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Arzunun Ardınca filmi Filmlər
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching) Uncategorized
  • Sonbahar Filmlər
  • Zəmanəmizin qəhrəmanı Kitablar
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Ququ quşu yuvası üzərindən uçuş Filmlər
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat

Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140

Posted on September 28, 2025September 28, 2025 By admin No Comments on Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140

Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli (1885–1948) — Azərbaycan musiqisinin ən görkəmli simalarından biridir. O, yalnız bəstəkar deyil, həm də musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi çoxşaxəli fəaliyyət göstərmişdir.

Üzeyir ömrü( Uzun ömrün akkordları ) filmi xalq yazıçısı Anarın ssenarisi və quruluşu əsasında çəkilmiş sənədli-bədii filmdir. Bu film Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yoluna həsr olunub. Filmin əsas ideyası odur ki, Üzeyir bəy yalnız musiqiçi deyil, həm də maarifçi, ziyalı, yazıçı və ictimai xadim idi. Onun timsalında Azərbaycan xalqının mədəni oyanışı, milli musiqinin inkişafı və yeni bədii düşüncənin formalaşması göstərilir.

XX yüzilliyin əvvəlləri Azərbaycan üçün sadəcə bir əsr başlanğıcı deyildi. Bu illər bir millətin taleyində dönüş anı idi – əsrlər boyu susdurulmuş, parçalanmış xalq öz səsini tapır, öz kimliyini tanıyır, milli varlığına sahib çıxaraq dövlət qurmağa doğru addımlayırdı. Bu böyük oyanışın, milli özünüdərk hərəkatının önündə isə ziyalılarımız dayanırdı. Millətin varlığı onun dilində, yaddaşında, musiqisindədir. Əgər bir millət dilindən imtina edirsə, yaddaşını itirirsə, o artıq öz köklərindən qopur. XX əsrin əvvəllərində bu təhlükə Azərbaycan xalqını ciddi şəkildə narahat edirdi. Ana dili təhsil və rəsmi dairələrdə kölgədə qalır, yad dəyərlərin təsiri altında milli kimlik zəifləyirdi. Ancaq məhz bu vaxtda yazıçılar, şairlər, bəstəkarlar, publisistlər – xalqın ruhunu oyatmaq, ona kim olduğunu xatırlatmaq üçün qələmi və sənəti silaha çevirdilər. O, xalqın dilini, ruhunu musiqiyə köçürən sənətkar, qəzet səhifələrində millətin dərdini hayqıran publisist, teatr səhnəsində xalqın həyatını güzgü kimi göstərən dramaturq idi. Onun ürəyini yandıran ən böyük dərd millətin kimliyindən uzaq düşməsi və Azərbaycan dilinin arxa plana keçməsi idi. Teas Press nəşriyyatı tərəfindən nəşr etdirilmiş Üzeyir bəyin seçilmiş əsərlərinin olduğu kitab onun yazıçı kimi yaradcılığının əhəmiyyəlti hissəsini əhatə edir.

Mən tez-tez teatra gedirəm, bu mənim həyatımın bir parçasıdır. Amma Üzeyir Hacıbəylinin 140 illik yubiley tədbirləri çərçivəsində iştirak etdiyim konsertlər və “Koroğlu” operasının tamaşası məndə qürurla yanaşı, dərin bir təəssüf də oyatdı. Çünki səhnədə Üzeyirin ruhu yaşayırdı, amma zalda, kulisdə, tamaşaçı arasında rus dilinin hökm sürdüyünü gördüm.

Bəlkə başqa bir tədbirdə bu, məni bu qədər incitməzdi. Amma söhbət Üzeyir bəydən gedəndə məsələ tamam başqa cür görünür. Axı o, bütün ömrünü millətin maariflənməsinə, milli dilin qorunmasına həsr etmişdi. O, “Dil” məqaləsində açıq yazırdı ki, bir millətin varlığı onun dilindədir. Dilini itirən millət, varlığını da itirir. Bəs necə oldu ki, Üzeyirin dil uğrunda çəkdiyi əziyyətlərin ildönümündə biz onun irsinə zidd davranırıq? Mən sadəlövh deyiləm. İllərdir mədəni tədbirlərdəyəm, musiqi məktəbini bitirmişəm, sənət aləminin öz qanunlarını bilirəm. Amma bu dəfə yaşadığım hiss sadəcə dil məsələsi deyildi — bu, bir paradoks idi. Bir tərəfdə öz ana dili üçün can qoymuş, maarifçilik etmiş dahi Üzeyir bəy; digər tərəfdə isə onun xatirəsinə həsr olunmuş tədbirdə rus dilində danışan, gündəlik ünsiyyətini belə başqa dildə quran “elita” . Əslində, bu mənzərə bizi bir sualla üz-üzə qoyur: biz Üzeyir bəyi sadəcə dinləyirik, yoxsa onu anlayırıq? Onun əsərlərini səhnədə yaşatmaq azdır, onun ideyalarını da gündəlik həyatımızda yaşatmaq lazımdır. Əks halda, Üzeyir bəyin 140 illik yubileyi sadəcə görüntü və əyləncə üçün təşkil edilmiş təmtəraqlı tədbirdən başqa bir şey olmayacaq.

Üzeyir bəy “Dil” məqaləsində yazırdı:

“Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir: — Ərəb!
— Sən nə dindəsən?
— İslam.
— Nə dildə danışırsan?
— Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir. Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdölüllah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, erməni və sairə. Amma bizim bir nəfərimizdən sor ki,
— Sən kimsən? Deyər müsəlmanam.
— Hankı millətdənsən?
— Müsəlman millətindən.
— Nə dinindəsən?
— Müsəlman dinindən.
— Nə dili danışırsan?
— Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman— yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur.
Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar”.

… “əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki, dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir”.

Ordan-burdan

Post navigation

Previous Post: ISO 31000 və ISO 31010 nədir?
Next Post: Azərbaycanda Quş Müşahidəsi(birdwatching)

Related Posts

  • Diletant liderlik Ordan-burdan

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • Ordan-burdan
  • Uncategorized
  • LinkedIn
  • Instagram

Son yazılar

  • Diletant liderlik
  • Sonbahar
  • Zəmanəmizin qəhrəmanı
  • Azərbaycanda Quş Müşahidəsi(birdwatching)
  • Üzeyir ömrü – Üzeyir Hacıbəyli 140
  • Sonbahar Filmlər
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Zəmanəmizin qəhrəmanı Kitablar
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat
  • Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti İqtisadiyyat
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu Kitablar

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme