
Yaxın günlərdə Qanun Nəşriyyatı tərəfindən iqtisadçı, ictimai xadim və Yunanıstanın keçmiş Maliyyə naziri Yanis Varufakisin “Talking to My Daughter About the Economy: or, How Capitalism Works—and How It Fails” kitabı nəşr edilib. Kitabı iqtisadçı Fərid Mehralızadə həbsdə ingiliscədən tərcümə ( Qızımla İqtisadiyyat Söhbətləri – Kapitalizmin Qısa Tarixi) edib. Kitabı “Əli və Nino” kitab mağazaları şəbəkəsindən əldə etmək mümkündür.
Kitab bir atanın özündən min kilometrlərlə uzaqda yaşayan qızına kapitalizm, bərabərsizlik və iqtisadiyyat haqqında məktublar vasitəsilə suallarını cavablandırmasından bəhs edir. Əsər təkcə iqtisadiyyatla bağlı olmayan, hamını düşündürən əsas suala cavab axtarır: Niyə bu qədər bərabərsizlik var?
Dünyada hər kəsə çatacaq qədər resurs olduğu halda, niyə bəziləri ondan bol-bol faydalandığı halda, bəziləri bu imkanlardan məhrum qalır və məhrumiyyət yaşayır? Varufakis bu bərabərsizliyin bir seçim olmadığını, insanların bu “bərabərsizlik tərəzisinin” yüngül (yuxarı) tərəfində qalmasının onların öz günahı olmadığını çox sadə və anlaşılan, sanki uşağa izah edirmiş kimi açıqlayır. “Uşağa izah edən kimi” ifadəsini əbəs yerə işlətmədim; müəllif doğrudan da bu kitabı məktəbli qızına izah edirmiş kimi yazıb. Lakin, oradakı nümunələr məşhur filmlər və hekayələr üzərindən qurulduğu üçün kitab həm asan oxunandır, həm də digər iqtisadiyyat kitabları kimi adamı “yormur”. Kitab ön sözündə yazar ilham mənbəyi olaraq çox məşhur beş kitabın adını qeyd edir:
- Cared Daymond – “Silahlar, Mikroblar və Polad” (Guns, Germs, and Steel: The Fates of Human Societies)
- Karl Polani – “Böyük Dəyişim” (The Great Transformation)
- Riçard Titmus – “Hədiyyə Münasibəti” (The Gift Relationship: From Human Blood to Social)
- Robert Heylbroner – “Dünyəvi Filosoflar” (The Worldly Philosophers)
- Marqaret Atvud – “Hesablaşma” (The Testaments)
Tarixi yaradan və formalaşdıran münasibətlərin, hadisələrin fonunda min illər boyu dövr edən iqtisadi çarxın necə işlədiyini göstərdiyi üçün bu kitab çox faydalıdır. Kitabda Feodalizmə keçidin və Feodalizmdən Kapitalizmə keçidin izahı öyrədici və maraqlıdır.
“Coğrafiya qədərdir” arqumenti kitabın ana mesajını təşkil edir yazıçı fikrini bu əsas fikir ətrafında açaraq oxucuya çatdırır. Bu arqumentin əsasında duran kitab çox güman ki, Cared Daymondun (Jared Diamond) məşhur əsəri olan “Tüfənglər, Mikrob və Polad” (“Guns, Germs, and Steel”) kitabıdır. Kitab iddia edir ki, fərqli sivilizasiyaların fərqli inkişaf yolları keçməsinin və bəzilərinin digərlərini üstələməsinin səbəbi genetik və ya mədəni fərqlər deyil, coğrafi şərtlərdir. Mülayim iqlimlər, bol su resursları və məhsuldar torpaqlar erkən kənd təsərrüfatı üçün daha əlverişli şərait yaratmışdır. Daymonda görə, Avrasiya qitəsinin şərqdən qərbə doğru uzanması (eyni enlikdə) eyni iqlim və gündüz uzunluğuna malik ərazilərin çoxluğunu təmin edirdi. Bu, əhliləşdirilmiş bitki və heyvan növlərinin qitə boyunca asanlıqla yayılmasına imkan verdi. Əhali sıxlığının artması və heyvanların əhliləşdirilməsi nəticəsində avrasiyalılar ölümcül xəstəliklərə (qrip, çiçək və s.) qarşı immunitet qazandılar. Yeni qitələrə gəldikdə, bu mikroblar yerli əhalinin (immuniteti olmayan) kütləvi şəkildə qırılmasına səbəb oldu. Polad alətlər, silahlar və daha mütəşəkkil dövlətlər isə Avrasiya xalqlarına başqa sivilizasiyalar üzərində üstün olmasında kömək etdi.
Yazıçı iqtisadi münasibətlərin başlanğıcı olaraq ehtiyacdan artıq məhsulu görür və düşünür ki, bu iqtisadiyyatın yaranması üçün əsas təkan olub. Bu, tarixi materializmin və ya Marksist iqtisadi nəzəriyyənin əsas müddəalarından birinə çox yaxın bir fikirdir. Marksizmə görə, cəmiyyətin inkişafının və xüsusən də iqtisadi münasibətlərin yaranmasının əsas səbəbi istehsalın artması və xüsusilə də ehtiyacdan artıq məhsulun (izafi məhsulun) yaranmasıdır. İzafi məhsulun yaranması onu başqa məhsullarla mübadilə etmək zərurətini ortaya çıxardı. Bu da öz növbəsində ticarətin yaranmasına təkan verdi.
Eksperimental dəyər və mübadilə dəyəri arasındakı fərq bu kitabda çox təsirli formada çatıdırılıb. Bu terminlər arasındakı fərq Karl Marksın “Kapital” əsərində xüsusi izah edilib.
Yazını kitabdan qısa bir hissə qeyd etməklə yekunlaşdırmaq istəyirəm:
Gözümüz yoxsul olan insanlara ilişəndə, dərhal onlara simpatiya bəsləyir və yetərli şeylərə sahib olmadıqları üçün qəzəblənirik; amma bir an belə onların bu yoxsulluğunun bizim rifahımıza gətirib çıxaran bir prosesin nəticəsi ola biləcəyini düşünmürük.