Hər bir millətin tarixində zülmə, istibdada və milli kimliyin silinməsinə qarşı çıxan, xalqının gələcəyi üçün ömrünü qurban verən qurucu liderləri olur. Mütləq monarxiyanın kölgəsi altında boğulan və “xalqlar həbsxanası” kimi səciyyələndirilən Çar Rusiyasının amansız ruslaşdırma siyasəti Azərbaycan xalqının maarifpərvər və demokratik düşüncəli ziyalılarının əzmkarlığına dirənə bilmədi və puç oldu. Bu əzmkarlığın, fədakarlığın və dövlətçilik ruhunun ən parlaq simalarından biri də ömrünü öz vətəninə təmannasız həsr edən Fətəli xan İsgəndər xan oğlu Xoyski idi. Bu il Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi və bu irsin varisləri olaraq qurucu liderlərimizi yad etmək mənəvi borcumuzdur.
Fətəli xan İsgəndər xan oğlu Xoyski (07.12.1875 – 19.06.1920) Azərbaycan tarixinin və demokratiyasının öncül simalarındandır. O, Gəncə (Yelizavetpol) klassik gimnaziyasını bitirdikdən sonra, ali təhsilini Rusiyanın ən nüfuzlu təhsil ocaqlarından olan Moskva Universitetinin hüquq fakültəsində almış və 1897-ci ildə oranı birinci dərəcəli diplomla bitirmişdir. Soykökü Cənubi Azərbaycana bağlı olan Xoyski ailəsi sonradan Şimali Azərbaycanda məskunlaşmış və dövrünün nüfuzlu ailələrindən olmuşdur.
- Atası: general-leytenant İskəndər xan Kəlbəli xan oğlu Xoyski (1820, Gəncə).
- Babaları: general-leytenant Cəfərqulu xan Xoyski və general-mayor Kəlbəli xan Əhməd xan oğlu Xoyski.
- Qardaşları: general-mayor Cahangir xan Xoyski, general-mayor Hüseynqulu xan Xoyski və general-leytenant Rüstəm xan Xoyski.
Fətəli xan Xoyski hüquqşünas kimi fəaliyyətə başlasa da, onun siyasi taleyi çox erkən yaşlarında müəyyənləşdi. 1907-ci ildə Gəncə quberniyasından II Dövlət dumasına deputat seçildi. O, dumanın iclaslarında müsəlman deputatları fraksiyasının ən fəal üzvlərindən idi. Məhz burada Çar hökumətinin ucqarlardakı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı cəsarətli çıxışları ilə yadda qaldı. O, milli və dini fərqlərə görə vətəndaşların siyasi hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair qanun layihəsini imzalayan 173 deputatdan biri idi.
Fətəli xan Xoyskinin adı birbaşa Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və formalaşması ilə bağlıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında önəmli rol oynamış, hökumət başçısı kimi mühüm qərarlara imza atmışdır. Tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuş Azərbaycan istiqlalının bəyannaməsini bütün dünyaya elan etmək səadəti məhz ona nəsib olmuşdur. O, Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında tanınması xəbərini parlamentdə elan edərkən bu sözlərlə qürurunu dilə gətirmişdi: “Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm.” AXC-nin ilk hökumət kabinetinin rəisi (Baş naziri) kimi fəaliyyət göstərmişdir. Onun rəhbərlik etdiyi kabinetlər dövründə:
- Yelizavetpol şəhəri və quberniyası yenidən Gəncə adlandırıldı.
- Qaryagin qəzası Cəbrayıl qəzası adı ilə əvəz olundu.
- Çoxpartiyalı parlament sistemi yaradıldı.
- Azərbaycan Respublikasının milli pul və poçt markaları buraxıldı.
- Ana dilində məktəb və seminariyalar açıldı.
Təəssüf ki, bu sevinc uzun sürmədi. Rusiyanın imperialist mövqeyi və XI Qırmızı Ordunun hərbi müdaxiləsi cümhuriyyətin sonunu gətirdi. 1920-ci ilin aprelində 11-ci Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Xoyski aprelin 15-də sovet Rusiyası hökumətinə nota göndərsə də, cavabsız qaldı. Aprelin 27-də XI Qırmızı Ordu beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan sərhədlərini keçdi və ölkə işğal olundu. Aprel işğalından sonra Tiflisə mühacirət etməyə məcbur olan Fətəli xan Xoyski iyunun 19-da orada “Daşnaksutyun”un muzdlu erməni terrorçusu tərəfındən qətlə yetirildi. O, Tiflisdə, həmvətəni M.F.Axundzadənin dəfn olunduğu Azərbaycan qəbiristanlığında torpağa tapşırıldı. M.Ə.Rəsulzadə yazırdı: “Fətəli xan Azərbaycan tarixinin təşəkkülündə mühüm rol oynamış simalardandır… Onun faciəli ölümü istiqlal həsrəti ilə yaşayan könüllərdə silinməz bir təsir buraxmışdır.”
Üzeyir bəy Hacıbəylinin onun haqqındakı fikirləri ilə yazını bitirmək istərdim.
Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası(Nazirlər kabinetinin sədri, Baş nazir) olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta parçalarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdı… Bu zəif gəmini bu fırtınalı gündə dağ-daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə sahili-nicata(qurtuluş sahilinə) çıxarmaqda, fırtına sakit olana qədər dağa-daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq və məharət göstərdi…
İsitfadə olunmuş mənbələr:
- https://www.youtube.com/watch?v=zh6-zuI4QUo “Tarixin izi ilə” – Fətəli xan Xoyski / 09.12.2021 Copyright © AZTV
- http://www.milliarxiv.gov.az/az/feteli-xan-xoyski- Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid arxiv araşdırmaları, Azərbaycan Respublikası Dövlət Arxivi
- https://tarixinstitutu.az/personalities/view/98 Fətəli xan Xoyski (1875-1920), AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu
- https://fuyuzat.az/axc-quruculari-feteli-xan-xoyski/ AXC qurucuları – Fətəli xan Xoyski,“Füyuzat” jurnalı, Firdovsiyyə Əhmədova
