Skip to content
Eldar H. Mammadov

Eldar H. Mammadov

  • Kateqoriyalar
    • Filmlər
    • İqtisadiyyat
    • Kitablar
    • Ordan-burdan
  • Bloq haqqında
  • Toggle search form
  • Sərbəst insanlar ölkəsində – Əhməd bəy Ağaoğlu Kitablar
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Ekrandakı reallıq Filmlər
  • Zaman divarları arasında Filmlər

Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti

Posted on August 25, 2025August 25, 2025 By admin No Comments on Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti

Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti

Eldar H. Məmmədov

Xülasə

  Yoxsulluq insanların yaşamaq üçün əsas ehtiyaclarını ödəyə bilmədiyi bir vəziyyət kimi müəyyən edilə bilər. Yoxsulluğun qavranılması subyektiv və obyektiv formasiyalarla izah edilə bilər. Bu araşdırmanın məqsədi ev təsərrüfatları fərdlərinin yoxsulluq qavrayışını və yoxsulluqla mübarizə siyasətinə münasibətini ortaya çıxarmaqdır. Tədqiqatda 105 nəfər arasında onlayn sorğu aparılmışdır. Cavablardan belə nəticəyə gəlmək olar ki, insanlar yoxsulluğun fərdi səbəblərdən qaynaqlandığını düşünmür. İnsanlar yoxsulluğun səbəbini daha çox iqtisadi şəraitlə əlaqələndirir. Həmçinin, insanlar həyata keçirilən proqramları yetərli və faydalı hesab etmir. Tədqiqatın nəticələri yoxsulluqla mübarizə aparan və məşğulluğun artması üçün çalışan dövlət qurumları, qeyri-hökumət təşkilatları üçün həmçinin, bu mövzularda tədqiqat işləri aparan tədqiqatçılar üçün faydalı ola bilər.

Açar Sözlər: Yoxsulluq , Rifah , Azərbaycan İşsizlik

Giriş

  Yoxsulluq termininin ilk tərifi 1901-ci ildə Seebohm Rowntree tərəfindən verilmişdir. Seebohm Rowntree yoxsulluğun fərdin bioloji olaraq həyatda qalması üçün minumum səviyyədə qida,geyim və s. ilə təmin edilmədiyi zaman ortaya çıxdığını bildirmişdir. Ancaq müasir zamanda, yoxsulluğu yalnız  aclıqla və ya qidalanma ilə əlaqələndirmək yanlış olardı. (Dumanlı, 1996: 2).

  Hər gün 100 min insan aclıqdan və onun fəsadlarından dünyasını dəyişir. Təkcə 2000-ci ildə 36 milyon insan bu səbəbdən həyatını itirib, hər 6 dəqiqədən bir insan lazımi A vitamini ala bilmədiyi üçün görmə qabiliyyətini itirir 6,2 milyard insandan 826 milyonu daimi qidalanma və xroniki aclıqdan əziyyət çəkir. 1 milyard insan təmiz su əldə edə bilmir, 2,4 milyard insan isə adekvat kanalizasiyadan məhrumdur. Hər il 4 milyon insan ishaldan ölürsə, 1,1 milyon afrikalı uşaq HİV virusunu daşıyır. Avropa və Afrika qitələri arasında orta insan ömründə 25 illik fərq var. Bütün dünya əhalisinin aclıq problemi bir ildə yalnız Amerika Birləşmiş  Ştatları(ABŞ) və Avropa İttifaqı(Aİ) ölkələrində ətirlərə xərclənən ümumi vəsaitlə həll oluna bilər. Bütün bu dünya reallıqlarına nəzər saldıqda problemin nə qədər önəmli və acınacaqlı olduğu aydın olur. (www.sosyalhizmetuzmani.org/).

Cədvəl 1. İllər üzrə bölgələrə görə həddən artıq yoxsul sayları.(milyon nəfər)

Bölgə19902000201020152030
Şərqi Asiya və Sakit Okean987362221473
Avropa və Mərkəzi Asiya13231172
Latın Amerikası və Karib hövzəsi6355362619
Yaxın Şərq və Şimali Afrika14981926
Cənubi Asiya53651040121650
Sub-Sahara Afrikası278388408413416

World Bank 2019

  Yoxsulluğun mənbələri içərisində ədalətsiz vergi sistemi, yüksək faiz və yarıtmaz dövlət idarəçiliyi, təbii fəlakətlər, işləyə bilməyən çoxlu sayda əlillər, fərdlər arasında qabiliyyət fərqləri, bazarda inhisarlaşma, dövlətin təşviqi, inflyasiya, işsizlik və s. kimi amillər də var (Aktan, 2002). Sürətli əhalinin artımı, miqrasiya, urbanizasiya, yaşlı əhalinin sayının artması, ayrı-seçkilik kimi demoqrafik və sosial səbəblər, iqlim şəraiti, təbii dağıntılar kimi coğrafi səbəblər və müharibələr kimi siyasi səbəblər bir-birindən ayrı saxlanılırsa, yoxsulluq çox vaxt iqtisadi həyat tərzinin pozulması nəticəsində yaranır. (Altan, 2004). Ədalət problemi də paylaşmaq problemi qədər qədimdir. Ədalət paylaşmaq lazım olduğunu dərk etməkdən başlayır. Ən qədim qanun paylaşmanı tənzimləyən qanundur və ümumilikdə insan varlığına diqqət yetirən bütün hərəkatların əsas qayğısı olaraq qalır. Ədalət hər kəsin kifayət qədər yemək yeməsini tələb edir, eyni zamanda onun istehsalına hər kəsin töhfə verməsini tələb edir (Canetti, 1998:189).

Yoxsulluğun səbəblərini aşağıdakı başlıqlar üzrə sıralamaq olar:

1) Coğrafi şərtlər( Təbii sərvətlərin, əkinə yararlı torpaqların, şirin su mənbələrinin olmaması və s.)

2) Regional şərtlər( Blokadalar, qlobal ticarət mərkəzlərindən kənarda qalmaq və s.)

3) Fərdi səbəblər( Sağlamlıq imkanları, təhsil səviyyəsi və s,)

4) Siyasi və iqtisadi səbəblər ( Təhsil və səhiyyə xidmətlərinin əlçatan olmaması, əmək bazarı, iqtisadi böhranlar,aşağı faizli kreditlərin əlçatan olmaması və s.)

Yoxsulluq növlərə bölündükdə əsas olaraq mütləq və nisbi yoxsulluğa nəzər yetrilir. Mütləq yoxsulluq içməli su, ərzaq və sanitar ehtiyaclar da daxil olmaqla, əsas fiziki ehtiyacların ödənilməsi üçün yetərli resursların olmamısıdır. Dünya Bankı hal-hazırda mütləq yoxsulluğu gündə 1,25 dollardan az (təxminən 2.13 manata bərabərdir) məbləğlə yaşayışa bərabər olaraq müəyyən edir. Nisbi yoxsulluq fərdlərin yaşadıqları ərazidə adekvat və ya sosial cəhətdən məqbul hesab ediləndən daha aşağı gəlir etməsidir.

  1. Yoxsulluq Anlayışı və Mübarizə Siyasətləri

 Tarix boyunca insanların üzləşdiyi çətinliklərin başında şübhəsiz ki, yoxsulluq dayanır. Yoxsulluq və rifah mövzusu günümüzün ən aktual  problemlərindən biridir.

Yoxsulluq həddini xarakterizə edən əsas göstəricilər aşağıdakılardan ibarətdir:

– yaşayış minimumundan aşağı gəlirli əhalinin sayı;

– yoxsulluq əmsalı (kasıb əhalinin ümumi əhaliyə nisbəti);

– yoxsulluq həddindən aşağı yaşayan əhalinin adambaşına nominal və real gəlirləri, gəlirin median və orta qiymətininyarısından aşağı gəliri olan əhali, 10% və 15% ən kasıb əhali;

– az təminatlı ailələrdə adambaşına nominal və real gəlirlərin zamana görə dəyişmə indeksi;

– adambaşına gəlirlərin mənfi artımı olan ev təsərrüfatı və ya ailələrin sayı və müayisədə nisbi ölçüsü;

– gəlirlərin və yaşayış minimumunun nisbəti.

Yoxsulluğa bir neçə aspektdən yanaşmaq olar:

– mütləq yanaşma (yaşayış minimumu həddindən aşağı səviyyə);

– nisbi yanaşma (median göstəricisinin 60%-dən aşağı səviyyə);

– subyektiv yanaşma (sorğu yolu ilə əhalinin yoxsulluğunun qiymətləndirilməsi);

– keyfiyyətli yanaşma (nəinki gəlir ölçüsünün, həmçinin ümumi istehsal sistemində insanların faktiki vəziyyətinin də nəzərə alınması);

– inteqral yanaşma (əhalinin yoxsulluğunu təyin edən bir sıra statistik xarakteristikaları özündə birləşdirən ümumi standart göstərici). (Aytəkin Məmmədova,2020)

Dövlətlər və QHT-lər yerlərdə yoxsulluğun azadılması və rifahın artırılması ilə bağlı daima müxtəlif işlər aparırlar. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” bu işlərə nümunə göstərilə bilər. Proqramların və layihələrin baxışına əsaslanaraq, aşağıdakı doqquz strateji məqsədlər formalaşdırılmışdır: (i) makro-iqtisadi sabitliyin saxlanılması və qeyri-neft sektorunun balanslı 4 inkişafı vasitəsilə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, (ii) gəlir yaradan imkanların artırılması və əhalinin ən kasıb təbəqələrinin əhəmiyyətli dərəcədə azaldılması, (iii) sosial müdafiə sisteminin inkişafı və effektivliyinin artırılması ilə yaşlı nəsil, aşağı-gəlirli ailələr və zəif təbəqələr üçün sosial risklərin azaldılması, (iv) qaçqınlar və MK-ların yaşayış şəraitlərinin təkmilləşdirilməsi məqsədilə fəaliyyətlərin sistemli icrasının davam etdirilməsi, (v) əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin artırılması və bərabər istifadə imkanlarının əldə edilməsi, (vi) sosial infrastrukturun inkişafı, və dövlət kommunal sistemləriinin təkmilləşdirilməsi, (vii) ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması və ətraf mühitin davamlı idarəçiliyinin təmin edilməsi, (viii) gender bərabərliyinin yaxşılaşdırılması və qorunması, (ix) institusional islahatların davam etdirilməsi və yaxşı idarəçiliyin təkmilləşdirilməsi.(Asiya İnkişaf Bankı) Yoxsulluğu yalnız müəyyən bir gəlir səviyyəsinin aşağısında yaşamaqla bağlı əlaqəndirləcək iqtisadi məhfum deyil, eyni zamanda siyasi tərəfləri olan bir anlayışdır. Yoxsulluğun azaldılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlər(DİM) proqramında bir nömrəli hədəfidir. Rəsmi rəqəmlərə görə müxtəlif illər üzrə Azərbaycanda yoxsulluq səviyyəsi  “Qrafik 1” -də göstərilmişdir.

Qrafik 1

*Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

 Azərbaycanda yoxsulluq həddi 2005-ci ildə 42,6 manat,  2015-ci ildə 135,6 manat və 2022-ci ildə 229,6 manat olmuşdur.

Rəsmi rəqəmlərdə yoxsul əhalinin faiz nisbəti aşağı olsada, ölkədə baş verəcək ani təbii fəlakətlər ölkə əhalisinin yarıdan çoxunun yoxsulluqla üzləşməsinə səbəb ola bilər. Bunun əsas səbəbi ölkə iqtisadiyyatının dayanıqlı olmamısı, idxalatdan aslılıq , iqtisadiyyatın şaxələndirilməməsi, ölkə maliyyəsinin bir mərkəzdə təmərküzləşməsi və s. göstərilə bilər. Asiya İnkişaf Bankına görə Azərbaycanda yoxsullaşma riski aşağıdakı əhali qrupları arasında daha yüksəkdir:

  1. Regionlarda(kəndlərdə, qəsəbələrdə) yaşayan əhali;
  2. Böyük ailələr;
  3. 1-15 yaş arasında olan uşaqlar və 50 və daha yuxarı yaşda olan yaşlılar;
  4. Qaçqın və məcburi köçkün olan ailələr;
  5. Aşağı təhsil səviyyəsinə malik şəxslər.

Yoxsulluğu minumuma endirmək  dövlətlərin əsas strateji hədəflərindən biridir. Bunun əsas səbəbləri yoxsulluq başlıca olaraq 1) istismar edilmək və qanunsuz vəziyyətlərə məcbur edilməyə 2) qanunsuz insan alverinin artmasına 3) kriminal vəziyyətin artmasına 4) qeyri-formal məşğulluğun artmasına gətirib çıxarır.

 Dövlət yoxsulluq və işsizliklə mübarizə üçün müxtəlif proqramlar və layiəhər icra edir. Yoxsulluq həddindən əlavə olaraq dövlət vətəndaşların sosial vəziyyətləri üçün yaşayış minumumu və minumum əmək haqqı məbləğini təyin edir. Azərbaycan hökuməti yoxsulluğu “sosial və institusional məsələlərin daxil olduğu iqtisadiyyatı ötüb keçən geniş miqyaslı problem kimi müəyyənləşdirir”( Yoxsulluğun aradan qaldırılması üzrə Dövlət Proqramı 2008-2015) . Azərbaycanda rifah göstəricisi adam başına istehlak xərci kimi götürülür. Hər il Azərbaycan Respublikasının Qanunu ilə əhalinin əsas sosial-demoqrafik qarupları üzrə yaşayış minimunun məbləği müəyyən edilir. Yaşayış minimumu 70%-i ərzaq səbətindən ibarət olan və gündəlik kalori qəbulu 2,420 kilokalori olan istehlak səbətini təşkil edir. (Maşallı T. 2022)

2. Problemin qoyuluşu.

Azərbaycanda “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı (2008-2015)”, “Azərbaycan Respublikası Regionaların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı (2009-2013)” və “Azərbaycan 2020 – Gələcəyə Baxış” kimi proqramlar olub dövlət bu məsələlərdə çox ciddi irəliləyişlər əldə edib. 2001-ci ildə 49% olan yoxsulluq səviyyəsi 2022-ci il üçün 5.5% olmuşdur. Bununla birlikdə vurğulamaq lazımdır ki, bu nəticənin əldə edilməsində əsas rolu ildən-ilə iqtisadiyyatın sürətli şəkildə böyüməsi və inkişaf etməsi rolundan çox ölkəyə gələn neft gəlirlərinin rolu böyük olmuşdur. Azərbaycan dünyada neftdən asılı ölkələrə ən bariz nümunələrdən biridir. 2022-ci ilin ilkin göstəricilərinə görə, ölkədə ÜDM-in 47,8%-i neft-qaz sektorunda yaranmış, büdcə gəlirlərinin 52,7 %-i neft gəlirlərinin hesabına əmələ gəlmişdir və nəhayət, ixracın 92,5% -i neft məhsulları hesabına yaranmışdır.  Bu rəqəmlər təxmini 2005-ci ildən bəri cüzi dəyişikliklərə məruz qalsa da, tendensiya dəyişmir. (İnqilab Əhmədov, 2023).

 Bir çox adamların yoxsulluqdan çıxarıla bilinsə də əhəmiyyətli sayda Azərbaycanlılar yoxsulluq həddindən az yuxarı və ya aşağı səviyyədə yaşayırlar. Bu qrup insanlar işsizlikdən, yaxud məşğulluğun az olmasından əziyyət çəkir və xüsusilə xarici şoklara qarşı zəif durumdadırlar. (Asiya İnkişafı Bankı)

Yoxsulluq insanın həyatını davam etdirməsi üçün zəruri olan ehtiyaclardan məhrum olması olduğu halda, yoxsulluq anlanıyışı ətraf mühitlə qarşılıqlı əlaqədə sinir sistemi vasitəsilə beynə çatan hisslərin şəxsi mənalar əlavə edilərək şərh edilməsi prosesidir (Noë, 2003:95). Beləliklə, düşünmək olar ki, yoxsulluq anlayışıda yoxsulluq kimi tək bir tərifə malik deyil, insanların yoxsulluğu anlamağa kömək edən bir səydir.

Ümumilikdə demək olar ki, ev təsərrüfatları üzvləri yoxsulluğu üç fərqli prizmadan qavrayırlar. Birinci perspektiv ondan ibarətdir ki, fərdlər öz yoxsulluğuna görə məsuliyyət daşıyırlar. İkinci perspektiv ondan ibarətdir ki, sosial səviyyədə iqtisadi, siyasi və mədəni problemlər yoxsulluğun dərk edilməsində təsirli olur. Üçüncü perspektiv isə yoxsulluğun xəstəlik, əlillik və uğursuzluq kimi ölümcül şəkildə qavranılmasına əsaslanır. Yoxsulluğun fərddən aslı olması və fatalist yanaşmalar subyektiv qiymətləndirmə ilə, yoxsulluğun iqtisadi və sosial problemlərdən aslı olması və siyasi amillərin yoxsulluğa təsiri isə obyektiv qiymətləndirmə ilə həll edilə bilər. (Shek, 2004:273) Obyektiv proseslərlə aparılan yoxsulluğun qiymətləndirilməsinə sosial ədalətsizlik, yəni sosial imkanların olmaması, iqtisadi ədalətsizlik və resursların çatışmazlığı, siyasi amillərin yoxsulluğu necə qəbul etdiyi kimi struktur problemləri daxildir. Obyektiv qiymətləndirmələrdə fərdlər yoxsulluq probleminin fərdi münasibətlərdən deyil, struktur problemlərindən qaynaqlandığını başa düşürlər, çünki fərdlər özləri işsizlik, inflyasiya və məşğulluq kimi amilləri manipulyasiya edə bilmirlər. 

3. Tədqiqat məqsədi və metodu.

Yoxsulluq zamana, məkana və şəxsə görə dəyişən çoxölçülü bir məfhum olduğundan, onun subyektiv metodlarla yanaşı, gəlir və ya xərclərə əsaslanan obyektiv üsullarla ölçülməsi yoxsulluğun düzgün başa düşülməsini təmin edir. Tədqiqatın məqsədi Azərbaycanda ev təsərrüfatları fərdlərinin yoxsulluq qavrayışını və yoxsulluqla mübarizə siyasətinə münasibətini öyrənməkdir.Araşdırma zamanı online sorğu üsulundan istifadə edilmişdir. 105 respondent 2 ədədi açıq sual olmaqla 12 sualı cavablandırmışdır. Tədqiqat zamanı resursların çatışmazlığına görə daha çox respondentə çatmaq mümkün olmamışdır.

 Respondentlərin 56% Kişi 44% Qadınlar təşkil edir. Respondentlərin yaş aralıqları “16-24”, “25-35” və “36-65” yaş üzrə qruplaşdırımışdır. 16-24 yaş qrupu üzrə 33 , 25-35 yaş qrupu üzrə 52, 36-65 yaş qupu üzrə 20 nəfər respondent sualları cavablandırmışdır. Respondentləri əmək fəaliyyəti ilə bağlı olaraq “Dövlət işində çalışan”-18 nəfər , “Özəl iş yerlərində çalışan”-46 nəfər, “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan”-4 nəfər, “İşsiz”-32 nəfər və “Digər”-5 nəfər olmaqla qruplaşdırımlışdır.

Sual 1. Yoxsulluq cəmiyyətimizdə bəzən birbaşa, bəzənsə də dolaylı olaraq müşahidə olunan sosial-iqtisadi problemdir.

Tamamilə RazıyamRazıyamQərarsızamRazı DeyiləmTamamilə Razı Deyiləm
56 nəfər38 nəfər7 nəfər4 nəfər0

Sual 2. Yoxsulluğa görə şəxslərin özləri daha çox məsuliyyət daşıyır, nəinki milli iqtisadiyyatın dəyişən dinamikası.

Tamamilə RazıyamRazıyamQərarsızamRazı DeyiləmTamamilə Razı Deyiləm
6 nəfər9 nəfər28 nəfər47 nəfər15 nəfər

3. Regionlarda yoxsullaşma riski böyük şəhərlərə nisbətən azdır.

Tamamilə RazıyamRazıyamQərarsızamRazı DeyiləmTamamilə Razı Deyiləm
6 nəfər26 nəfər24 nəfər33 nəfər16 nəfər

4. Yoxsulluqdan qurtulmaq üçün fərdlərin öz şəxsi inisiyatifləri kifayət edər. Dövlətin bu məsələyə birbaşa müdaxiləsinə ehtiyac yoxdur.

Tamamilə RazıyamRazıyamQərarsızamRazı DeyiləmTamamilə Razı Deyiləm
2 nəfər9 nəfər6 nəfər51 nəfər37 nəfər

5. Azərbaycanda müəyyən proqramlar və layihələrlə yoxsulluğun qarşısını tamamilə almaq mümkündür.

Tamamilə RazıyamRazıyamQərarsızamRazı DeyiləmTamamilə Razı Deyiləm
8 nəfər38 nəfər34 nəfər18 nəfər7 nəfər

6. Azərbaycanda Yoxsulluğu və işsizliyin azaldılması üçün çalışan qurumların işlərini yetərli hesab edirəm.

Tamamilə RazıyamRazıyamQərarsızamRazı DeyiləmTamamilə Razı Deyiləm
1 nəfər2 nəfər12 nəfər48 nəfər42 nəfər

7. Yoxsulluğun öhdəsindən gəlməyə çalışan insanların üzləşdiyi ən böyük problemlər və çağırışlar hansılardır?(Açıq sual)

Sualın cavabı açıq olduğu üçün verilən cavabları ümumi fikirlər  ətrafında birləşdirmək lazım olarsa önə çıxan əsas cavablar 1) Regionlarda iş yerlərinin az olması 2) Ümumi iş yerlərinin azlığı 3) Əlverişli biznes mühitinin mövcud olmaması 4) Proqramların və layihələrin davamlı və real olmaması,regionları tam əhatə etməməsi 5) Korrupsiya

8. Şəxsi həyatınızda yoxsullaşmaq riski ilə üzləşmisiniz ?(Açıq Sual)

Sualın cavabı açıq olduğu üçün verilən cavabları iki əsas qrup halında nəzər yetirsək respondentlərin yüksək əksəriyyəti həyatlarında yoxsulluqla üzləşdiyini bildirir.

4. Nəticə və təkliflər

  Yoxsulluq dəqiq tərifi olmayan, lakin hər zaman, hər yerdə və hər kəsdə görünə bilən, iqtisadi və sosial qeyri-adekvatlıq kimi səbəblərdən yaranan çoxölçülü bir hadisədir. Yoxsulluq əvvəlcə gəlir və ya xərclərə əsaslanan bir problem kimi qəbul edilsə də, bu gün təkcə gəlir və xərclərə əsaslanmayan, təhsil ala bilməmək, səhiyyə xidmətlərindən yararlana bilməmək, gələcək qorxusu, cəmiyyətdən təcrid olunmaq və s kimi nəzərə alınır.

  Dünyada və Azərbaycanda bir çox araşdırmalara mövzu olan yoxsulluq çoxşaxəli xarakterinə görə fərqli qəbul edilmiş, yoxsulluğun çoxsaylı tərifləri, növləri, ölçü üsulları və qarşısının alınması siyasətləri ortaya çıxmışdır. Ona görə də demək olar ki, yoxsulluq qavrayışı insandan insana dəyişən bir anlayışdır. Subyektiv və obyektiv proseslərlə birlikdə qiymətləndirilə bilən yoxsulluğun qavranılması yoxsulluğun müəyyənləşdirilməsinə və müvafiq mübarizə siyasətinin həyata keçirilməsinə imkan verdiyi üçün mühüm hesab edilir.

​ Azərbaycanda Ev Təsərrüfatları Fərdlərinin Yoxsulluq Qavrayışı və Yoxsulluqla Mübarizə Siyasətinə Münasibəti adlı tədqiqat işində əldə etdiyimiz nəticələri aşağıdakı cümlələrlə ümumiləşdirmək olar :

  1. Rəsmi rəqəmlərdə yoxsulluq faizi nə qədər az göstərilsədə sorğu nəticəsinə demək olar ki, Azərbaycanda doğru bir hesablama metodu ilə bu rəqəm yenidən hesablansa fərqli nəticələr ortaya çıxa bilər. Fərdlər cəmiyyətin bir parçası olaraq yoxsulluqla həyatların hər bir hissəsində qarşılaşırlar və bunu müşahidə edirlər. Sorğunun birinci sualı olan “Yoxsulluq cəmiyyətimizdə bəzən birbaşa, bəzənsə də dolaylı olaraq müşahidə olunan sosial-iqtisadi problemdir” sualına verilən və toplamda 89% respondetin bununla razılaşması real mənzərəni göz önünə sərir.
  2. İnsanlar yoxsulluqla bağlı özlərindən daha çox iqtisadi mühiti məsul görürlər. “Yoxsulluğa görə şəxslərin özləri daha çox məsuliyyət daşıyır, nəinki milli iqtisadiyyatın dəyişən dinamikası” sualına 69% respondentin belə düşünməsi bunu deməyə əsas verir. Baxmayaraq ki repondentlərin 85 %-i 16-35 yaşlı vətəndaşlardır Sovet Azərbaycanında yaşamayıblar ancaq ölkəmizin 70 ildən artıq sosialist bir rejimin işğalında olması, yaşlı nəslin təlqini bu fikrin formalaşmasında rol oynaya bilər. 7-ci sual olan və cavabı açıq olan “Yoxsulluğun öhdəsindən gəlməyə çalışan insanların üzləşdiyi ən böyük problemlər və çağırışlar hansılardır?” suala dövlətdən yeni iş yerlərinin açmaması, ixtisaslaşma planlamasının olmaması və s. buna oxşar cavablar çoxluq təşkil edirdi.Həmçinin bu fikrin formalaşmasında iqtisadiyyatının əsasını Azərbaycan kimi neft gəlirləri tutan ölkərlərlə müqayisədə həyat səviyyəsinin aşağı olması və s. təşkil edə bilər.
  3. Ev təsərüffatı fərdləri regionlarda yoxsullaşma riskinin ən az böyük şəhərlərdəki kimi olduğu qənaətindədirlər. Regionlarda iş yerlərinin böyük şəhərlərə nisbətdə çox az olması, ölkənin əsas maliyyəsinin Abşeron yarımadasında toplanması buna səbəb ola bilər.
  4. Azərbaycanda müəyyən proqramlar və layihələrlə yoxsulluğun qarşısını tamamilə almaq mümkündür sualına 44 % müsbət cavab verdiyi halda 32 % qərarsız olduğunu bildirib. Bu icra edilən layihələrə etimadın və inamın aşağı olduğunu göstərir. İnsanlar icra edilən proqramları və layihələri səmərəsiz hesab edir. Bunun əsas səbələrindən biri bu layihələr, proqramlar işlənib hazırlanan zamanı içtimai dinləmələr keçirilməyib, içtimai iştirakçılıq təmin edilməyib. “Azərbaycanda Yoxsulluğu və işsizliyin azaldılması üçün çalışan qurumların işlərini yetərli hesab edirəm” sualına 86 % respondent mənfi cavab vermişdir. 7-ci suala verilən cavabların içərisində Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yetərli və səmərli olmamasını əsas səbəb kimi göstərən cavablar mövcud idi. Açıq internet resurslarından regionlar DMA tərəfindən fərdi məşğulluq proqramı çərçivəsində xəstə ev heyvanları verilməsi xəbərlərini tez-tez görmək mümkündür.(1;2) Bu tip məsələlər cavabların bu yöndə olmasını təsadüfi olmadığını göstərir.

Təkliflər:

  1. Yoxsulluqla bağlı atılacaq ilk addım yoxsulluqla bağlı mövcud məlumat bazasındakı çatışmazlıqların aradan qaldırılmasıdır.
  2. Keyfiyyətli təhsil və səhiyyə bütün ölkə əhalisi üçün əlçatan olmalıdır.
  3. Mikromaliyyələşmə ilə bağlı strategiya müəyyən edilməlidir.
  4. Yoxsulluqla Mübarizə Siyasəti hazırlanan zamanı xüsusilə məşğulluq proqramı fərdlərin və icmaların içtimai iştirakçılıq prinsipləri təmin edilməlidir. İnsanların əsas taleyüklü bu məsələsində səsləri eşidilməli, fikirləri nəzərə alınmalıdır.
  5. Dövlət formal məşğulluğu vətəndaşlar üçün daha cəlbedici etməlidir. Vətəndaşların formal məşğulluqdan yayınmalarına səbəb olan faktorlar araşdırılıb yenidən tənzimlənməlidir.
  6. Regionlar üçün yoxsulluqla və işsizliklə mübarizə proqramları hazırlanan zaman yerli icma üzvlərinin fikirləri və təklifləri nəzərə alınmalıdır.

Cari tədqiqatın məhdudiyyətləri və gələcək işlər üçün təkliflər.

 Tədqiqatın əsas məhdudiyyəti sorğu işi aparılan zamanı resusrların çatışmazlığı olmuşdur. Azərbaycanda son dövrləri əhatə edən fərdlərin yoxsulluğa olan münasibətini təhlil edən  tədqiqat işlərinin olmaması məhdudiyyətin bir hissəsidir. Gələcək işlər zamanı sorğunun cəmiyyətin müxtəlif təbəqələrindən olan fərdlərin iştirak etdiyi  fokus qrup formatında olması daha faydalı ola bilər. Onlayn sorğu respondent seçimi etmək mümkün olmadığı üçün respondentlərin əksəriyyəti eyni qruplardan ibarət ola bilər. Bu hal sorğunun obyektivliyini şübhə altına ala bilər. Bütün bu məhdutiyyətlərə baxmayaraq, cari tədqiqat işi fərdlərin yoxsulluğa və yoxsulluqla aparılan mübarizə siyasətinə olan münasibətlərini onlayn sorğu vasitəsi ilə öyrənməyə çalışdı.

Ədəbiyyat

  1. DUMANLI  Recep (1996), “Yoksulluk ve Türkiye’ deki Boyutları”, DPT Uzmanlık Tezi,

Yayın No: DPT: 2449, Ankara, s. 2

  • AKTAN  C.Coşkun (2002), “Gelir Dağılımında Adaletsizlik ve Gelir Eşitsizliği: Terminoloji, Temel Kavramlar ve Ölçüm Yöntemleri, Yoksullukla Mücadele Stratejileri”, Ankara: Hak İs Konfederasyonu Yayını, ss.1-21.
  1. ALTAN, Ömer Zühtü (2004). Sosyal Politika Dersleri, Eskişehir: Anadolu Üniversitesi Yayınları.
  2. Canetti, E., (1998), Kitle ve İktidar, Çev.; Gülşat Aygen, İstanbul, Ayrıntı Yay
  3. Mammadova A. Azərbaycanda yoxsulluğa səbəb olan amillər və onların aradan qaldırılması yolları. İyun 2020. https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3607123
  4. Noë, A. (2003). Causation and perception: The puzzle unraveled . Analysis , 2 (63), 93-100.
  5. Shek, D. T. (2004). Beliefs about the causes of poverty in parents and adolescents experiencing economic disadvantage in Hong Kong. Journal of Genetic Psychology , 3 (165), 272-292.
  6. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident sərəncamı 2008. http://www.e-qanun.az/framework/15399
  • Kütləvi İnformasiya Vasitəri, https://www.youtube.com/watch?v=kQyw8ji7UmQ
  • Kütləvi İnformasiya Vasitələri, https://qafqazinfo.az/news/detail/xeste-heyvan-veribler-ayaquste-dura-bilmir-411454
  • Minilliyin İnkişaf Məqsədləri. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytı.  https://www.stat.gov.az/source/millennium/
  • Asiya İnkişaf Bankı. Ölkə Tərəfdaşlıq Strategiyası: Azərbaycan, 2014–2018. https://www.adb.org/sites/default/files/linked-documents/cps-aze-2014-2018-pa-az.pdf
  • Maşallı T. Azərbaycanda yoxsullar və işsizlər. Bakı Tədqiqatlar İnstutu. 08.06.2022 https://bakuresearchinstitute.org/the-poor-and-unemployed-in-azerbaijan/#_ftnref16
  • Muammer Ak. Akademik Bakış Dergisi  Toplumsal Bir Olgu Olarak Yoksulluk.
  • 2016 Türk Dünyası Kırgız – Türk Sosyal Bilimler Enstitüsü, Celalabat – KIRGIZİSTAN
  • Betül Gümüş. Necmettin Erbakan Üniversitesi Siyasal Bilgiler Fakültesi Dergisi . 2023 Türleri, Nedenleri ve Boyutlarıyla Türkiye’de ve Dünya’da Yoksulluk Sorunu , Konya- Türkiye
  • Əhmədov İ. Azərbaycanın daimi mühərriki – neft. Bakı Tədqiqatlar İnstutu. 21.04.2023 https://bakuresearchinstitute.org/azerbaycanin-daimi-muherriki-neft/
İqtisadiyyat

Post navigation

Next Post: Ekrandakı reallıq

Related Posts

  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Kateqoriyalar

  • Filmlər
  • İqtisadiyyat
  • Kitablar
  • LinkedIn
  • Instagram

Son yazılar

  • “Bir kəmər bir yol” təşəbbüsü nədir?
  • Zaman divarları arasında
  • Avropada sərnişindaşımada qatar və aviareyslər
  • Arzunun Ardınca filmi
  • Nəzarətə nəzarət
  • Avropada sərnişindaşımada qatar və aviareyslər İqtisadiyyat
  • “Bir kəmər bir yol” təşəbbüsü nədir? İqtisadiyyat
  • Nəzarətə nəzarət İqtisadiyyat
  • Daxili Audit və Daxili Nəzarətin fərqləri İqtisadiyyat
  • Risklərin idarə edilməsində üç müdafiə xətti İqtisadiyyat
  • Arzunun Ardınca filmi Filmlər
  • Ekrandakı reallıq Filmlər
  • Dəmir Yolları ilə Daşınan Sərnişin Sayı(2014-2024) İqtisadiyyat

Copyright © 2025 Eldar H. Mammadov.

Powered by PressBook News WordPress theme